Azçəkili doğulan körpələrin sayı niyə artıb? – Pediatr AÇIQLADI

Cəmiyyət

12.03.2026 16:50

Ötən il Azərbaycanda 1445 azçəkili körpə dünyaya gəlib. 

Pediatr Qoşqar İsmayılov TodayPress TV-yə açıqlamasında bunun bir neçə səbəbdən qaynaqlandığını bildirib.


Onun sözlərinə görə, hamiləlik dövründə ananın sağlamlıq vəziyyəti və düzgün qidalanmaması azçəkili doğum riskini artırır:

"Xüsusilə vitamin və mineral çatışmazlığı, hamiləlikdə yüksək qan təzyiqi və şəkər xəstəliyi körpənin inkişafına mənfi təsir göstərir. Həmçinin, prematura doğum, yəni 37 həftədən əvvəl doğulan uşaqlar azçəkili doğumların əsas səbəblərindən biridir. Bu, infeksiyalar, çoxdöllü hamiləlik, stress və hamiləlik komplikasiyaları ilə bağlı ola bilər".

Pediatr əlavə edib ki, bəzi dərmanların düzgün istifadə olunmaması və ağır fiziki iş də hamiləlik dövründə körpənin çəkisinə mənfi təsir göstərir. Genetik faktorlar da riskləri artıran amillər sırasındadır:

"Düzgün prenatal qulluq, hamiləlik zamanı sağlam həyat tərzi və vaxtında tibbi müdaxilə azçəkili doğumların qarşısını almağa kömək edə bilər", - deyə Qoşqar İsmayılov vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qoşqar İsmayılov,Pediatr,Azçəkili ,Körpə,Todaypress.tv,