İsrail Azərbaycana yəhudiləri köçürürür iddiasına cavab – İsraildə yəhudi tapılır ki?
Sosial şəbəkələrdə və bəzi media platformalarında vaxtaşırı ortaya atılan «İsrail Azərbaycana yəhudiləri köçürərək ölkəni demoqrafik yolla ələ keçirmək istəyir» iddiası heç bir siyasi, tarixi və ən əsası demoqrafik məntiqə sığmayan uydurmadan başqa bir şey deyil.
Bu cür əsassız tezisləri yayanlar ya dünyadakı və İsraildəki real demoqrafik göstəricilərdən tamamilə bixəbərdirlər, ya da bilərəkdən ictimai rəyi çaşdırmaq üçün ucuz konspirologiya ilə məşğul olurlar.
Reallığa rasional şəkildə nəzər yetirdikdə vəziyyətin tamam fərqli olduğu aydın görünür. İsrail dövləti 1948-ci ildə qurulduğu ilk gündən bəri onun əsas dövlət strategiyası və milli təhlükəsizlik konsepsiyasının təməl sütunu «Aliya» — yəni bütün dünyada yaşayan yəhudilərin tarixi vətənlərinə toplanması və İsrailə köçürülməsi proqramı olub. Bu strateji xətt bu gün də qüvvədədir və heç vaxt ləğv edilməyib. Əksinə, İsrail hökuməti Şərqi Avropadan tutmuş Şimali Amerikaya, Yaxın Şərqdən Latın Amerikasına qədər harada yəhudi icması varsa, onları min cür təşviq və imtiyazlarla öz ölkəsinə cəlb etməyə çalışır.
Çünki İsrailin ən böyük strateji problemi elə demoqrafiyadır. Bütün inkişaf etmiş dünyada olduğu kimi, İsraildə də dünyəvi əhali arasında doğum səviyyəsi təbii olaraq azalır, ölkənin ümumi əhalisi isə cəmi 10 milyona yaxındır. Bu rəqəmin içərisində 2 milyondan çox ərəb vətəndaşı da var. Ətrafı yüz milyonlarla ərəb və müsəlman əhalisi ilə əhatə olunmuş bir dövlət üçün hər bir yəhudi vətəndaşının ölkə daxilində qalması və xaricdən gətirilməsi ölüm-dirim məsələsidir. Öz sərhədləri daxilində demoqrafik üstünlüyü qorumaq üçün gecə-gündüz qlobal miqyasda yəhudi axtarışında olan, hər bir miqrant üçün böyük büdcələr ayıran bir dövlətin birdən-birə əlindəki azsaylı insan resursunu götürüb başqa bir ölkəyə, xüsusən də Azərbaycana «köçürməsi» ideyası absurd dərəcədə gülüncdür.
Digər tərəfdən, İsrailin genişlənmə və ya təsir dairəsini artırma siyasəti sirr deyil, lakin bu coğrafiya aydındır: söhbət birbaşa öz sərhədləri boyunca, Fələstin və ərəb torpaqları hesabına bufer zonalar yaratmaqdan gedir. Hətta bu ərazilərdə belə yeni yaşayış məntəqələrini məskunlaşdırmaq üçün kifayət qədər insan tapmaqda çətinlik çəkirlər. Belə bir reallıqda minlərlə kilometr uzaqda yerləşən, 10 milyondan çox əhalisi olan, öz güclü ordusu və dövlətçilik ənənəsi olan Azərbaycana hansı qüvvə ilə, hansı insan kütləsi ilə köç təşkil edilə bilər? Belə bir fantaziyanın reallaşması üçün gərək hər bir yəhudi ailəsində azı 8-10 uşaq dünyaya gəlsin və bu proses fasiləsiz 100-200 il davam etsin ki, onların öz torpaqlarından artıq qalan hansısa kütləsi başqa coğrafiyalara yönəldilsin.
İsmayil Şahlı