Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə Teymur Musayev Səhiyyə naziri vəzifəsindən azad edilərək, baş nazirin müavini təyin olunub.
TodayPress TV xəbər verir ki, Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.
O, orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdində 1 saylı orta məktəbdə başlayıb, 1981-1987-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbdə davam etdirib. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub və 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü olub. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində laparoskopik cərrahiyyə ixtisası üzrə diplom kursunun tələbəsi olub.
2013-2015-ci illərdə "Riga International School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alaraq 2015-ci ilin may ayında "Master of Health Management (Business Executive)" magistr dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə 1994-cü ildə Səhiyyə Nazirliyinin təyinatı ilə Bakı şəhəri 16 saylı poliklinikada həkim-uroloq kimi başlayıb. 1994-1997-ci illərdə sahə həkim-uroloq kimi fəaliyyət göstərib. Özəl klinikalarda həkim-uroloq kimi fəaliyyət göstərib.
2020-ci ilin aprel ayından 2021-ci ilin aprel ayınadək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Evlidir, iki övladı var.