“Ay camaat, bu yardımlar mərhəmət hissimizi öldürür”

Cəmiyyət

26.02.2026 21:00

Ramazan ayında oruc tutmaq qədər savab əməl varsa, o da ehtiyacı olanlara yardım etməkdir.


Bu ayda sosial şəbəkələrdə də yardım istəyən şəxslərin sayı kəskin şəkildə artır.

Sosial şəbəkədə yüzlərlə yardım istəyən şəxsin paylaşımı qarşımıza çıxır və bunların arasında yüzlərlə saxta bank kartı nömrəsi, uydurma xəsətlik hekayələrinə də rast gəlirik.


Əksər insanların “mərhəmət damarı”na basdıqları üçün belə şəxslərə bir çox hallarda yardım edilir.

Lakin sonradan yardım istəmək adı ilə edilən saxtakarlıq üzə çıxdıqda vəziyyət dəyişir.

Belə insanların bizə təkcə maddi zərər vurmur, inam hissimizi də sarsıdır. Artıq növbəti dəfə həqiqi ehtiyac sahibinə yardım etməyə kimdəsə nə inam, nə də həvəs qalır.

Bu saxtakarlıq cəmiyyəti iki yerə bölür: Artıq heç kimə inanmayanlar və hər dəfəsində inanmağı seçib əlini cibinə atıb aldananlar.

Dövrümüz bizə insani dəyərləri özümüzdə saxlamaqla ayıq olmağı öyrədir. Yəni sən həm yardım edəcəksən, həm də yardımı kimə etdiyini biləcəksən. 100\90 əmin olacaqsan ki, bu insanın yardıma ehtiyacı var, ya yox.

Bəzən polemikalarda bu fikir tez-tez səsləndirilir: “Əvvəlki dövrümüzdə insanlar daha saf, daha mərhəmətli olub”. Bu fikri səsləndirənlər unudurlar ki, əvvəlki dövrdə bu qədər dələduz da olmayıb. Ona görə insanlar inanıblar.


Amma bu gün reallıq fərqlidir. Texnologiya inkişaf etdikcə, yaxşılıq etmək imkanlarımız artdığı kimi, pis niyyətli insanların aldatma üsulları da çoxalıb.

Ən təhlükəlisi isə odur ki, hər ifşa olunan saxtakarlıq hadisəsi cəmiyyətin yaddaşında iz buraxır.

İnsanlar artıq kömək çağırışına əvvəlki kimi reaksiya vermir, əvvəlcə şübhə edir, araşdırır, bəzən isə ümumiyyətlə laqeyd qalır. Nəticədə zərbə həqiqətən yardıma ehtiyacı olanlara dəyir. Onlar saxtakarların ucbatından kölgədə qalırlar…

BƏS ÇIXIŞ YOLU NƏDİR?

Çıxış yolu heç bir halda inanmamağı seçmək olmamalıdır. Ən azından sağlam bir cəmiyyət üçün inam hissinin itirilməməsi vacibdir.

Ən yaxşı halda yardım etməzdən əvvəl məlumatları yoxlaya bilərik. Emosional qərar vermək olmaz. Əgər yardım etdiyimiz şəxsə daha öncə də kimsə yardım edibsə, məlumatların düz olub-olmadığını ondan da öyrənə bilərik.

Cəmiyyət qanunlarla idarə oluna bilər, amma ayaqda qalması üçün mərhəmətə ehtiyacı var. Mərhəmət isə hazırda bizdən həm həssas, həm də ayıq olmağı tələb edir.

Və mərhəmətimizi itirmədən, ayıq olmaq bəlkə də bu dövrün bizdən tələb etdiyi ən böyük yetkinlikdir.


Günəş Mərd


tag: Sosial şəbəkə,Yardım,Ramazan,Paylaşım,Kart,Todaypress.tv,