43 faizi risk altındadır? AI alətlərindən istifadə edənlərə ciddi XƏBƏRDARLIQ
Cəmiyyət
01.05.2026 16:32
“Artıq dünya süni intellektdən (AI) necə qorunmalı olduğu sualını gündəmə gətirir. Süni intellektin yaratdığı riskləri belə, bəzən onun yaradıcıları tam şəkildə proqnozlaşdıra bilmir”.
TodayPress TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiyada deyib.
O qeyd edib ki, bu gün istifadəçilərin təxminən 43 faizi artıq AI alətlərindən yararlanır:
“Bu isə onu göstərir ki, proses geri dönməz mərhələyə qədəm qoyub və mövcud təhdidlərə qarşı həll yolları da məhz AI üzərindən qurulmalıdır. Unudulmamalıdır ki, hər hansı bir alətdən istifadə edərkən onun üçün ödəniş etmiriksə, bu zaman məhsulun özünə çevrilə bilərik. Süni intellekt kommersiya xarakterli texnologiyadır və istifadəçilərin təqdim etdiyi məlumatlar üçüncü tərəflərə kommersiya məqsədilə təqdim edilir”.
İ.Əzizovun sözlərinə görə, AI-nin proseslərə inteqrasiyası məlumatların məxfiliyini də sual altına qoyur:
“Bu baxımdan media qurumları xüsusilə diqqətli olmalıdır. Çünki informasiya təhlükəsizliyi ilk növbədə şəxsi rəqəmsal davranışdan başlayır. İstifadə etdiyimiz alətlərə və texnologiyalara etibar etməzdən əvvəl onların təhlükəsizlik səviyyəsini düzgün qiymətləndirmək vacibdir. “Deepfake” texnologiyası isə artıq bir il əvvəl təsəvvür etdiyimiz kimi gələcəyin riski deyil — bu günün real təhlükəsinə çevrilib”.
Qiymət Mahir
tag: İlkin Əzizov,müdir müavini,panel sessiya,Çıxış,Todaypress.tv,
