3 ildə 5 mindən 8 milyona: "Deepfake" təhlükəsi dünyanı bürüyür!
Cəmiyyət
01.05.2026 16:01
“Bir müddət əvvəl ölkə rəhbəri və onun ailəsinə qarşı genişmiqyaslı dezinformasiya kampaniyasının şahidi olduq. Bu prosesdə xüsusilə “deepfake” texnologiyaları ilə hazırlanmış videolar geniş yer tuturdu. Həmin videolar artıq yüksək peşəkarlıqla hazırlanır və onların saxtalığını müəyyən etmək getdikcə çətinləşir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmərinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, məsələyə regional və qlobal aspektdən yanaşdıqda, təhlükənin miqyasının daha da artdığı görünür:
“DeepStrike”nin hesabatına görə, “deepfake” tipli hesabların sayı son 3 il ərzində 5 mindən təxminən 8 milyona qədər yüksəlib. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən genişmiqyaslı dezinformasiya fəaliyyətləri həyata keçirildi. Bu çərçivədə “hamımız.com” adlı saxta platforma yaradılmışdı. Həmin saytda guya əsir düşmüş və şəhid olmuş hərbçilərimizin adları yerləşdirilir, lakin bu məlumatlar dezinformasiya məqsədilə istifadə olunurdu”.
M.Balayev bildirib ki, bu kimi hallarda məlumatın mənbəyinin düzgün araşdırılması xüsusi əhəmiyyət kəsb edir:
“Bu məsuliyyət hər kəsin üzərinə düşür, lakin xüsusilə media nümayəndələri daha diqqətli olmalıdır. Bununla yanaşı, müasir fişinq hücumları da getdikcə daha peşəkar xarakter alır. 2024–2026-cı illər aralığında ənənəvi fişinq hücumlarında kliklənmə göstəricisi 12 faiz olduğu halda, süni intellekt vasitəsilə təkmilləşdirilmiş fişinq hücumlarında bu göstərici artıq 54 faizə çatıb”.
Qiymət Mahir
tag: Murad Balayev,XRİTDX,panel sessiya,Çıxış,Todaypress.tv,
