250-dən çox tibb bacısı üçün ixtisasartırma təlimləri keçirilib

Cəmiyyət

27.01.2026 10:46

"İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində pilot layihə çərçivəsində mühüm işlər həyata keçirilir". 

TodayPress TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, pilot layihə olaraq Bərdə rayonunda səhiyyə şəbəkəsinin optimallaşdırılması aparılır:

"Bu çərçivədə 1 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, 31 tibb məntəqəsi isə həkim məntəqələrinə birləşdirilib. Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi 2 Ailə Sağlamlıq Mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi ilə əhatə olunub".

Agentlik sədri bildirib ki, artıq əhalinin təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3,5 milyon nəfər əhalini əhatə edəcək. Paralel olaraq, vətəndaşların faktiki yaşayış yerinə əsaslanan məlumat bazası formalaşdırılır ki, bu da səhiyyə xidmətlərinin daha düzgün və effektiv planlaşdırılmasına imkan yaradacaq.

"Kadr potensialının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, Bərdə rayonunda 43 təlim modulu üzrə 60 ailə həkimi, eləcə də 10 modul üzrə 250-dən çox tibb bacısı üçün ixtisasartırma təlimləri keçirilib".

Zaur Əliyev qeyd edib ki, ümumilikdə ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1168 tibb məntəqəsi, həmçinin Bakıda fəaliyyət göstərən 106 ambulator-poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Zaur Əliyev,İcbari Tibbi Sığorta Fondu,Yekun,Konfrans,Todaypress.tv,