UNESCO rəsmisi: Qadınlar mənzil və şəhərsalma siyasətini dəyişdirib

Xarici siyasət

17.05.2026 14:59

“1980-ci illərdən bəri dünyadakı qadın hərəkatları təkcə müdafiəçi kimi deyil, həm də şəhərsalma siyasətinin transformasiyasında strateji tərəfdaşlar kimi çıxış ediblər”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında UNESCO-nun Gender üzrə Kafedra müdiri, Madrid Politexnik Universitetinin şəhərsalma üzrə professoru və AGGI-nin (Gender Məsələləri üzrə Məsləhət Qrupu) sədri İnes Sançes De Madariaqa deyib.

AGGI sədri çıxışında son onilliklər ərzində qadın qrupları və assosiasiyalarının UN-Habitat-ın gender siyasətinin formalaşmasında müstəsna rol oynadığını vurğulayıb:

“Bu il 30 illiyini qeyd etdiyimiz “Habitat I”dən, İstanbuldakı “Habitat II”yə və Kitodakı “Habitat III”ə qədər qadınlar gender bərabərliyi, mənzil, torpaq, xidmətlər vəictimai məkanlara çıxışın dayanıqlı şəhər inkişafının əsas sütunlarına çevrilməsinə töhfə veriblər. Bu kollektiv öhdəlik 2012-ci ildə Neapolda rəsmən fəaliyyətə başlayan AGGI-nin yaranmasına səbəb oldu”.

Dünyada həssas qrupdan olan qadınların üzləşdiyi bərabərsizliklərə diqqət çəkən İnes Sançes De Madariaqa bəyanatını bu sözlərlə tamamlayıb:

“Bütün dünyada qadınlar, xüsusən də qeyri-rəsmi məskunlaşma yerlərində, münaqişə zonalarında və ya iqlim dəyişikliyinə qarşı həssas olan icmalarda yaşayanlar mülkiyyət hüquqları, torpaq, həmçinin münasib mənzil, infrastruktur və maliyyəyə çıxışda ciddi bərabərsizliklərlə üzləşməkdə davam edirlər. Bununla belə, qadınlar həm də bərpa və dözümlülüyün əsas hərəkətverici qüvvəsidir. Onlar evləri yenidən tikir, icmaları qoruyur, məhəllə şəbəkələrini təşkil edir və daha dayanıqlı şəhərlər üçün yerli həll yollarına rəhbərlik edirlər”.

Qiymət Mahir

tag: Bakı,UNESCO,WUF13,Habitat ,İnes Sançes De Madariaqa,TodayPress TV,