Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir?

Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir?
13.07.2026 12:02 Xarici siyasət

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Okampo müəyyən maliyyə mənbəyindən yararlanın və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək verib. 

Bəs Luis Moreno Okampo kimdir?

Luis Moreno Okampo 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin ilk baş prokuroru vəzifəsində çalışıb. Son illərdə o, xüsusilə Qarabağ məsələsi ilə bağlı hazırladığı hüquqi rəy və açıqlamalar səbəbindən Azərbaycan rəsmiləri tərəfindən tənqid olunub.

O, Ruben Vardanyandan maliyyə dəstəyi alaraq Azərbaycana qarşı qərəzli kampaniyalar aparmaqda və əsassız "soyqırımı" iddiaları səsləndirməkdə ittiham olunur. Həmçinin iddia edilir ki, 2026-cı ildə yayılan gizli səs yazıları və video görüntülərində onun Rusiyadakı varlı ermənilərlə birlikdə xüsusi fondlar yaratdığı və Avropa İttifaqının qərarlarına rüşvət müqabilində təsir göstərməyə çalışdığı əks olunub.

Bundan əlavə, jurnalist araşdırmalarına əsasən, Moreno Okamponun Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olduğu dövrdə Panama və Britaniya Virciniya adaları kimi vergi cənnətlərində qeydiyyatdan keçmiş ofşor şirkətlər və gizli bank hesabları ilə əlaqəsinin olduğu iddia edilib.

Digər iddialara görə, o, baş prokuror vəzifəsindən ayrıldıqdan sonra Qəddafi rejiminə yaxınlığı ilə tanınan və müharibə cinayətlərində adı hallanan Liviya neft maqnatı Həsən Tatanaki ilə 3 milyon ABŞ dolları dəyərində məxfi konsaltinq müqaviləsi bağlayıb, həmçinin Beynəlxalq Cinayət Məhkəməsindəki əlaqələrindən istifadə edərək məxfi məlumatları həmin şəxsə ötürüb.

Eyni zamanda, Moreno Okampo haqqında vəzifəsindən sui-istifadə etdiyi, Afrikadakı bəzi siyasətçilərə, o cümlədən Keniya və Fil Dişi Sahilinin bəzi rəsmilərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsində cinayət işləri başladaraq sonradan onları şantaj etmək və rüşvət almaq məqsədilə bu proseslərdən istifadə etdiyi barədə də iddialar irəli sürülüb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər