Dünya mediası İlham Əliyevin Tramp haqqındakı fikirlərini yazır
ABŞ-nin məşhur maliyyə bloqu və xəbər aqreqatoru "ZeroHedge" Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh prosesindəki rolu barədə səsləndirdiyi fikirlərə həsr olunmuş məqalə dərc edib.
TodayPress TV "Minval"a istinadən xəbər verir ki, nəşr Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına istinad edərək bildirib ki, dövlət başçısı Tramp administrasiyasının son 30 ildə nə Demokrat, nə də Respublikaçı administrasiyaların nail ola bilmədiyi nəticəyə yaxınlaşdığını vurğulayıb.
Nəşr qeyd edib ki, Əliyevin sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları münaqişəni sadəcə dondurmuşdu, Tramp isə məsələyə yekun sülhün əldə olunması baxımından yanaşıb.
Məqalədə Prezident İlham Əliyevin Donald Trampı "sülhsevər" və "dünyada fürsət görən lider" kimi xarakterizə etdiyi, Tramp komandasının Azərbaycanın maraqlarını nəzərə aldığı, Ermənistanı sülh sazişinin faydalarına inandırdığı və razılaşmanın imzalanması üçün əlverişli şərait formalaşdırdığı barədə fikirlərinə də yer verilib.
"ZeroHedge" həmçinin xatırladıb ki, bu açıqlamalardan sonra Donald Tramp "Breitbart"da dərc olunan məqaləni öz sosial media hesabında paylaşıb.
Prezident İlham Əliyev isə "X" platformasında Trampa təşəkkür edərək onun Azərbaycan və Ermənistan arasında sülhün təşviqində mühüm rol oynadığını bir daha vurğulayıb və ABŞ liderini "sülh adamı" adlandırıb.
Jalə Rövşən