BMT rəsmisi: Mənzil ləyaqət və müdafiə deməkdir
Xarici siyasət
17.05.2026 14:36
“Qadınlar üçün adekvat mənzil sadəcə başlarının üstündə bir damın olması demək deyil. Bu, həm də təhlükəsizlik, ləyaqət və müdafiə məsələsidir”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava deyib.
BMT rəsmisi çıxışında qlobal miqyasda həssas qrupdan olan qadınların, xüsusilə məcburi köçkünlərin, miqrantların və yoxsul məhəllələrdə yaşayanların mənzil təminatında qarşılaşdıqları kəsişən ayrı-seçkilik formalarına diqqət çəkib:
“Çoxşaxəli ayrı-seçkilik formaları ilə üzləşən qadınlar üçün diskriminativ qanunlar və siyasətlər təhlükəsiz, adekvat mənzilə çıxışı daha da məhdudlaşdıra bilər. Bu problem xüsusilə mənzil təminatına çıxışı gender bərabərsizliyi, miqrant əleyhinə əhval-ruhiyyə və ksenofobiya ilə formalaşan şəxslər üçün kəskin xarakter daşıyır”.
Şəhərlərin və icmaların dayanıqlı inkişafı üçün mənzil siyasətinə daha geniş aspektdən yanaşmağın vacibliyini vurğulayan Kaori İşikava bəyanatını bu sözlərlə tamamlayıb:
“Təhlükəsiz, dözümlü şəhərlər naminə dünyanı mənzillə təmin etmək bizdən mənzil mövzusuna sadəcə bir sığınacaq anlayışından daha geniş baxmağı və onun gender bərabərliyinin təmin olunmasına necə töhfə verdiyi barədə düşünməyi tələb edir”.
Qiymət Mahir
TodayPress TV
tag: WUF13,Siyasət,Dünya,Azərbaycan,Todaypress.tv,
