BMT rəsmisi: 3.5 milyard insan lazımi sanitariya şəraiti olmadan ömür sürür

Xarici siyasət

17.05.2026 17:07

“Dünyada milyonlarla insan plansız və qeyri-qanuni salınmış qəsəbələrdə fundamental xidmətlərdən uzaq şəkildə yaşayır. Bu problem artıq sadəcə bir resurs çatışmazlığı deyil, birbaşa mənzil və insan ləyaqəti məsələsidir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə BMT-nin Su üzrə xüsusi elçisi Retno Marsudi deyib.

BMT rəsmisi çıxışında qlobal urbanizasiya tempinin gətirdiyi humanitar çətinliklərə və su böhranına diqqət çəkib:

“Hazırda dünya əhalisinin 55%-dən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstərici 70%-ə çatacaq. Bu gün dünyada 2.2 milyarddan çox insan təhlükəsiz içməli sudan məhrumdur, 3.5 milyard insan isə lazımi sanitariya şəraiti olmadan ömür sürür. Şəhərlərdə su çatışmazlığı çəkənlərin sayı 2000-ci ildən bəri 50%-dən çox artıb”.

İqlim dəyişikliyinin şəhərlər üzərindəki təzyiqi daha da artırdığını, daşqınların və quraqlığın xüsusilə az gəlirli icmaları təhdid etdiyini bildirən Retno Marsudi, şəhərsalma siyasətində suya həssas yanaşmaların tətbiq edilməməsinin böyük iqtisadi fəsadlara yol açacağını vurğulayıb:

“Lazımi tədbirlər görülməsə, qlobal iqtisadiyyat 2050-ci illa qədər öz ÜDM-nin 18%-ə qədərini itirə bilər və bu itkilərin əsas hissəsi məhz şəhər ərazilərinin payına düşəcək”.

Şəhərlərin dayanıqlı gələcəyi üçün qlobal birliyə çağırış edən xüsusi elçi bəyanatını bu sözlərlə tamamlayıb:

“Bu gün bizim qarşımızda duran sual budur: biz nə etməliyik? Cavab çox aydındır: mənzil siyasəti artıq su siyasətindən ayrı şəkildə layihələndirilə bilməz”.

Qiymət Mahir

TodayPress TV 

tag: WUF13,Siyasət,Dünya,Azərbaycan,Todaypress.tv,