Bəhreynli nazir: Qadınlar inkişafın tam tərəfdaşıdır

Xarici siyasət

17.05.2026 14:23

“Bu gün Bəhreyn qadını artıq sadəcə hüquq və imkanların genişləndirilməsi mərhələsindən milli inkişaf prosesində, o cümlədən mənzil və şəhərsalma sektorunda tam tərəfdaşlıq mərhələsinə qədəm qoyub”.  

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında ("Women’s Assembly") Bəhreyn Krallığının mənzil tikintisi və şəhərsalma naziri Amna bint Əhməd əl-Rumayhi deyib. 

Nazir "Bütün qadınlar və qızlar üçün gender-transformativ mənzil siyasəti bərabərlik və ləyaqəti necə təmin edə bilər?" mövzusundakı panel iclasında Bəhreyn qadınlarının ölkənin qərarlar qəbul edilməsi prosesindəki rolu və mənzil təminatı sahəsində atılan addımlardan danışıb:

“Biz bu gün Bəhreyn hökumətində səhiyyə, turizm, davamlı inkişaf, mənzil tikintisi və şəhərsalma kimi strateji sahələrdə mühüm sənədlərə rəhbərlik edən beş qadın nazirin olması ilə qürur duyuruq".

Rəhbərlik etdiyi qurumun qadınlar üçün yaratdığı sosial imkanlara toxunan nazir qeyd edib ki, Mənzil Tikintisi və Şəhərsalma Nazirliyi olaraq ailə sabitliyini gücləndirən, qadınların adekvat mənzil şəraitinə ədalətli və hərtərəfli çıxışını təmin edən mənzil xidmətlərinin təkmilləşdirilməsi istiqamətində çalışırlar. Müxtəlif sosial şəraitləri nəzərə alan, xidmətlərə, maliyyələşməyə və müvafiq mənzil təminatına bərabər imkanlar yaradan xüsusi dövlət siyasəti çərçivəsində, 2025-ci ilə qədər dul, boşanmış və ailə başçısı olan qadınlar da daxil olmaqla, 6555-dən çox qadın bu mənzil xidmətlərindən yararlanıb.

Bəhreynli nazir, həmçinin əlavə edib ki, mənzilə ən çox ehtiyacı olan həssas qrupların dəstəklənməsi nazirliyin prioritetləri sırasındadır: 

“Biz yetimlər, boşanmışlar, dullar və uşaq böyüdən (himayəsində uşağı olan) qadınlar da daxil olmaqla, mənzilə ən çox ehtiyacı olan qadınları dəstəkləmək üçün xüsusi mənzil kateqoriyaları hazırlamışıq. Bununla yanaşı, mənzil xidmətlərinə ədalətli çıxışı daha da gücləndirmək üçün gəlir və yaşla bağlı uyğunluq meyarlarını genişləndirmişik".

Qiymət Mahir

TodayPress TV

tag: Bəhreyn,WUF13,Siyasət,Azərbaycan,Todaypress.tv,