Avrasiya İttifaqına çağırış: Bakı hansı addımı atacaq?
Təhlil
17.10.2025 13:00
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycanla MDB, ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və “3+3” kimi regional formatlarda, eləcə də Avrasiya təhlükəsizlik arxitekturasının formalaşması çərçivəsində sıx əməkdaşlıq etməkdə maraqlıdır.
Onun sözlərinə görə, Bakı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında dialoq da dinamik şəkildə inkişaf edir:
“Azərbaycanın baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində daimi iştirakı bu əməkdaşlığın artıq ənənəyə çevrildiyini göstərir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə keçirilib. Müxtəlif istiqamətlərdə tərəfdaşlarımızla əməkdaşlığımızı müsbət qiymətləndiririk”.
“Vacib logistikalar və dəhlizlər Azərbaycan üzərindən keçir”
Sözügedən mövzunu TodayPress TV -yə şərh edən siyasi ekspert Əziz Əlibəyli qeyd edib ki, hər bir halda Azərbaycan üstünlüyünü qoruyacaq:
"Məsələ təkcə Azərbaycanın birbaşa üzvlüyü ilə bağlı deyil, ümumilikdə iqtisadi əməkdaşlıq çərçivəsindəki əlaqələrlə bağlıdır. Böyük ölçüdə Azərbaycan bu prosesdə qazanan tərəfdir. Çünki vacib logistikalar və dəhlizlər Azərbaycan üzərindən keçir. Rusiyanın indiki şəraitdə bu əlaqələrə ehtiyacı hava və su kimi zəruridir".
“Azərbaycan enerji strategiyasını Qərbə doğru şaxələndirib”
Ekspertin fikrincə, Azərbaycanın Aİİ-yə birbaşa üzvlüyü hazırda məqsədəuyğun deyil:
“Bu strategiyada bir neçə vacib detal var. Birincisi, Azərbaycan enerji strategiyasını Qərbə doğru şaxələndirib və əsas investisiyalar oradan gəlir. İkincisi, Azərbaycan üzərindən Çinə qədər uzanan qlobal yol da nəticə etibarilə Qərbə gedir. Üçüncüsü, Azərbaycanın mövcud imkanları ona bütün platformalarda qazanan tərəf kimi qalmağa imkan verir”.
Jalə Rövşən
tag: Əziz Əlibəyli,Ekspert,Aİİ,Bakı,Todaypress.tv,
