Çinin Rusiya-Ukrayna münaqişəsində yeri: Ziddiyyətli strategiya, yoxsa...

Təhlil

04.07.2025 18:06

"Çin Rusiya-Ukrayna münaqişəsinə geostrateji alət kimi yanaşır. Bu alət onun özünü kənar müdaxilələrdən qoruması baxımından olduqca vacibdir".

Politoloq Vəli Əlibəyov bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, Çin anlayır ki, əgər Avropada müharibə başa çatsa və Rusiya məğlub olsa, ABŞ-nin diqqəti Yaxın Şərqə, Orta Asiyaya, Çinə və Tayvana yönələcək:

"Bu səbəbdən hazırda Rusiyanın məğlub olmaması üçün müəyyən səviyyədə yardım göstərir. Hətta Çinin xarici işlər naziri Van İ bildirib ki, əgər Rusiyaya daha geniş yardım göstərsəydilər, Moskva artıq çoxdan müharibədə qalib gəlmişdi. Bu isə onu deməyə əsas verir ki, Çin nəinki Rusiyanın, eyni zamanda Ukraynanın da tam şəkildə məğlub olmasını istəmir. Başqa sözlə, Çin ümumilikdə müharibənin başa çatmasını arzulamır. Çünki müharibənin bitməsi diqqətin Avropadan birbaşa Çinə yönəlməsinə səbəb olacaq".

Ekspert Rusiyanın qalibiyyətinin də Çin üçün uyğun olmadığını bildirib:

"Digər tərəfdən, Rusiya qalib gəlsə, bu da Çin üçün sərfəli olmaya bilər. Çünki müharibədə qələbə qazanan Rusiya aqressiv siyasətini davam etdirərək Orta Asiyada və Yaxın Şərqdə itirilmiş mövqelərini bərpa etməyə çalışacaq. Bu isə Rusiya ilə Çin arasında müəyyən geosiyasi qarşıdurmaların yaranmasına səbəb ola bilər.

Burada söhbət Rusiyanı dəstəkləmək strategiyasından deyil, Çinin özünü qoruma strategiyasından gedir. Bu, siyasi baxımdan rasional yanaşmadır – hər bir ölkə öz milli maraqlarını qorumaq üçün mövcud imkanlardan və alətlərdən istifadə edir. Çin üçün isə bu alət hazırda Ukrayna münaqişəsidir.

Mənəvi baxımdan nə qədər ziddiyyətli görünsə də, bu gün Çin üçün Ukraynadakı müharibənin bitməsi yox, daha uzun müddət davam etməsi daha sərfəlidir".

Qeyd edək ki, Çinin xarici işlər naziri Van İ Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə bildirib ki, Pekin Rusiyanın Ukraynada məğlub olmasına imkan verməyəcək, çünki bu, ABŞ-nin diqqətinin tam şəkildə Çinə yönəlməsi ilə nəticələnə bilər. 

Qiymət Mahir

tag: Vəli Əlibəyov,Politoloq,Çin,Rusiya,Ukrayna,Todaypress.tv,

photo