Sonuncu dayaq itirilir: Sülh Moskvadan kənarda qurulacaq? - Ramiz Yunus AÇIQLADI

Təhlil

02.07.2025 09:36

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə son səfəri, orada verdiyi bəyanatlar, Ermənistan Apostol Kilsəsi ilə qarşıdurması və rusiyapərəst qüvvələrin dövlət çevrilişi cəhdinin qarşısının alınması onu göstərir ki, Azərbaycanla Ermənistan müstəqil şəkildə, və ən önəmlisi — Rusiya kimi vasitəçilərin iştirakı olmadan sülh sazişinə yaxınlaşdıqca, Kremldəki narahatlıq artır. Çünki Rusiya Cənubi Qafqazda sonuncu dayağı olan Ermənistanı da itirmək istəmir”.

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb. 

O, Rusiyanın Cənubi Qafqazda niyə yeni qarşıdurmaya “start” verdiyini belə izah edib:

“Rusiyanın Ukrayna ilə müharibədə zəiflədikcə, Yaxın Şərqdə uğursuzluğa düçar olduqca, Cənubi Qafqazdan da tədricən sıxışdırılıb çıxarıldığını aydın şəkildə görürük. Məhz buna görə Kreml Cənubi Qafqaz uğrunda yeni bir qarşıdurmaya “start” verib və son günlərdə Azərbaycanın üzərinə yönəlmiş təzyiqlər bunun açıq göstəricisidir. Moskvanı ən çox qıcıqlandıran amillər bunlardır: İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni status-kvo, Türkiyənin bölgədə mövqeyinin güclənməsi, Azərbaycanın liderliyi və rəsmi Bakının müstəqil siyasəti”.

Ekspert bu gün Kreml imperiyasının metastazlarının şahidi olduğumuzu vurğulayıb. Qeyd edib ki, Kreml tarixin təbii inkişafını öz siyasi nadanlığı ilə dayandırmağa çalışır. Bu proses həm Rusiyanın özü, həm də post-sovet məkanındakı bütün qonşuları üçün təhlükəli və ağrılıdır. Bu səbəbdən qabaqlayıcı siyasi hazırlıq olduqca vacibdir. XVIII əsrin filosoflarından olan Volterin dediyi kimi:

“Cəhalət bəşəriyyətin ən böyük bəlasıdır”.

Qiymət Mahir

tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Rusiya,Todaypress.tv,