Vaşinqtonda tarixi razılaşma Türk Dünyasına hansı töhfələri verəcək? - POLİTOLOQ AÇIQLADI
Təhlil
08.08.2025 12:38
"Vaşinqtonda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələri təkcə iki ölkə üçün deyil, həm də Türk Dövlətləri Təşkilatı, Orta Asiya Respublikaları və Cənubi Qafqaz üçün əhəmiyyətli ola bilər".
Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, görüş çərçivəsində ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasında strateji, iqtisadi və siyasi sənədlərin imzalanması nəzərdə tutulur. Artıq ilk mühüm razılaşma əldə edilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə “ExxonMobil” şirkəti və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında müqavilə imzalanıb.
"Əsas məsələ bundan ibarətdir ki, bu görüş əsnasında Azərbaycan və Ermənistan arasında sülh imzalana bilər. Belə ki, hər iki tərəf ATƏT-ə müraciət edəcək və Minsk qrupu buraxılacaq. Bununla yanaşı, bu günə qədər qüvvədə olan ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş də aradan götürüləcək. Ən əsası odur ki, görüş vaxtı tərəflər regionda Azərbaycanla Ermənistan arasında olan kommunikasiya xətlərinin açılması ilə əlaqədar bəyanatla çıxış edəcəklər. Yəni, ABŞ tərəfindən "Tramp körpüsü" adlandırılan Zəngəzur dəhlizinin açılması prosesi baş verəcək".
Politoloqun fikrincə, belə olan halda, Qazaxıstan nefti, Türkmənistan qazı və Azərbaycan enerji resurslarının Türkiyə üzərindən Avropaya nəqlinə şərait yaranacaq.
"Tramp körpüsü" yəni Zəngəzur dəhlizi açıldıqdan sonra bu yol öz əhəmiyyətinə görə Trans-Ərəb kommunikasiya xətti kimi də önəmli hesab olunacaq. Belə ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta Asiya Respublikaları, Qazaxıstan nefti, Türkmənistan qazı eləcə də Azərbaycan neft-qazının Türkiyə üzərindən Avropaya nəqli təmin oluna bilər. Bununla da Türkiyə Rusiya və İran neft-qazından asılığı sıfıra endirilə bilər".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Nazir Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında (ABŞ) rəsmi səfərdədirlər. Tərəflər arasında Ağ Evdə sülhə dair razılaşma əldə olunacağı gözlənilir.
Türkan İsgəndərli
tag: Yusif Bağırzadə,Politoloq,Vaşinqton,Türk dünyası,Todaypress.tv,
