Rusiya-Çin-Şimali Koreya üçbucağı ciddi narahatlıqlar yaradır - ŞƏRH
Təhlil
04.09.2025 13:44
"Rusiya Prezidenti Vladimir Putinin Çin səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son toplantısında iştirakı Moskvanın beynəlxalq arenadakı mövqeyini qorumaq və daha da gücləndirmək niyyətində olduğunu bir daha ortaya qoydu".
Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Qasımov diqqətə çatdırıb ki, səfər çərçivəsində Çin və Rusiya rəhbərlərinin Şimali Koreya da daxil olmaqla keçirilən üçtərəfli görüşləri, Moskvaya siyasi və strateji dəstəyin göstərildiyi siqnalını verdi.
"Bu səfərdən sonra Rusiya rəhbərliyinin daha arxayın və özünəinamlı davranması təsadüfi deyil. Çin tərəfindən verilən təminatlar və regional müttəfiqlərin bir araya gəlməsi Moskvanın mövqeyini möhkəmləndirib.
ŞƏT sammiti isə Qərb tərəfindən faktiki olaraq ABŞ və Avropaya qarşı ikinci güc mərkəzinin yaranması kimi qiymətləndirilməlidir. Toplantının keçirilməsi Çin üçün də önəmli idi. Pekin bu vasitə ilə həm Qərbə, həm də ABŞ-yə güc nümayiş etdirdi".
Analitikin sözlərinə görə, hazırda Avropa Rusiyanın artan təhdidlərini daha ciddi şəkildə qiymətləndirməyə başlayır. Bu baxımdan, Ukraynanın müdafiəsinə dair daha konkret qərarların qəbul ediləcəyi gözlənilir. Parisdə keçiriləcək ABŞ və Aİ liderlərinin görüşündə də Ukraynanın təhlükəsizliyi və Çin-Rusiya əməkdaşlığına qarşı cavab tədbirləri əsas müzakirə mövzularından biri olacaq.
"ABŞ-də də Çinin bu “güc nümayişi” və Rusiya-Çin-Şimali Koreya üçbucağının formalaşması ilə bağlı ciddi narahatlıqlar yaşanır. Düşünürəm ki, dünya yeni geosiyasi düzənə doğru gedir və yaxın dövrdə bu istiqamətdə gərgin rəqabət daha da dərinləşəcək".
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, ABŞ lideri Donald Tramp Rusiyanın Çinə bu qədər yaxınlaşması və Pekində gövdə nümayişi fonunda bu həftə Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya dəstək paketini elan edə bilər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas isə bildirib ki, Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) rəhbərlərinin görüşü dünya nizamına “birbaşa çağırışdır".
Töhfə Səməd
tag: Oqtay Qasımov,Politoloq,Rusiya,Çin,Şimali Koreya,Todaypress.tv,
