Rusiya niyə özünü təcrid vəziyyətinə salır? – ŞƏRH

Təhlil

25.07.2025 16:16

“Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil. Lakin bu, Azərbaycanın dost olmayan yanaşmalara da səssiz qalacağı anlamına gəlmir”.    

Politoloq Yusif Bağırzadə  bunu TodayPress TV-yə danışarkən bildirib.   

O vurğulayıb ki, zamanında Rusiya ilə kifayət qədər yaxşı münasibətləri olan ayrı-ayrı ölkələrin indi Rusiyadan uzaqlaşmağı tamamilə başadüşüləndir. Çünki Rusiya tərəfi bu və ya digər ölkələr ilə əməkdaşlıqda bərabərtərflilik və qarşılıqlı faydalılıq prinsipləri ilə deyil, ancaq özünün mənfəətlərinə uyğun hərəkət edir.   

“Rusiyanın məntiqinə görə postsovet ölkələrinin hamısı ona tabe olmalı, müstəqil xarici siyasət həyata keçirməməli və addımlarını Rusiyanın maraqlarını nəzərə alaraq atmalıdırlar. Hətta təkcə postsovet ölkələri deyil, Rusiya enerji ixrac etdiyi ayrı-ayrı Qərb ölkələrindən də eyni siyasi tabeliyi gözləyir və bu baş vermədikdə də qazdan və digər enerji məhsullarından təzyiq aləti kimi istifadə edir”. 

Analitik bildirib ki, Rusiya ilə müttəfiq və tərəfdaşlıq münasibətləri olan ölkələr bu ölkənin etibarlı tərəfdaş olmadığının da artıq şahidi olublar. 

Ekspertin sözlərinə görə, hazırda Azərbaycan və Rusiya arasında yaranan gərginliyin əsas səbəbi Bakının deyil, məhz Kremlin yürütdüyü yanlış siyasətin nəticəsidir. Onun fikrincə, Azərbaycan tərəfi Rusiyadan bu siyasətə son qoymasını, ölkəmizə qarşı yuxarıdan aşağı baxış tərzindən əl çəkməsini və münasibətləri normallaşdırmaq üçün real addımlar atmasını gözləyir.  

“Biz keçmiş ABŞ administrasiyasının Azərbaycan əleyhinə mövqeyinə necə münasibət bildirmişdiksə, indi də eyni şəkildə fikrimizi Rusiyaya çatdırırıq. Nəticə çıxarmaq və ya çıxarmamaq isə Rusiyanın öz seçimidir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi öz ayaqları üzərində dayanan, kifayət qədər müttəfiqləri və dostları olan bir ölkədir. Rusiya isə bu cür siyasəti ilə yalnız özünü təcrid vəziyyətinə salır”, - deyə politoloq fikrini yekunladırıb.    

Aysel Mətləb

tag: Yusif Bağırzadə,Politoloq,Rusiya,Təcrid,Todaypress.tv,

photo