Zəngəzur və Orta Dəhliz: Regional inteqrasiya istiqamətində mühüm addımlar
Təhlil
13.10.2025 17:19
Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan, Rusiya və İran arasında “3+3” üçtərəfli görüş formatı regional sülh, sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün önəmlidir.
Onun sözlərinə görə, bu format 2016-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və iqtisadi-ticarət, nəqliyyat, logistika, energetika sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır.
2016-cı və 2017-ci il Zirvə Görüşləri ilə birgə bəyannamələr region üçün strateji layihələrin həyata keçirilməsində xüsusi rol oynayıb.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Politoloq İlyas Hüseynov bildirib ki, format yüksək dəyərlərə xidmət edir:
"Azərbaycan, Rusiya və İran arasında üçtərəfli format davam edir və regional sülhə, sabitliyə, təhlükəsizliyə və iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edir. Əməkdaşlıq çərçivəsində nəqliyyat, logistika, energetika, ticarət və iqtisadi həyatın bütün sahələri üzrə əlaqələr formalaşır, dövlətlərin və xalqların rifahının yaxşılaşdırılmasına töhfə verir".
Ekspert vurğulayıb ki, bu məsələdə dayanıqlılıq coğrafiyaya böyük inkişaf gətirə bilər:
"Format nə qədər dayanıqlı olsa və təmaslar, danışıqlar intensiv xarakter daşısa, ölkənin inkişafı üçün o qədər önəmli olacaq. Şimal-Cənub dəhlizi müstəvisində tranzit əlaqələrin inkişafı, həmçinin coğrafiyada böyük nəqliyyat bağlantılarının formalaşması gözlənilir. Şərq və Qərb əlaqələrinin formalaşması, Orta Dəhliz və Zəngəzur dəhlizi müstəvisində aparılan işlər Şimal-Cənub nəqliyyat istiqamətində əlaqələrin inkişafına da təkan verəcək".
Politoloq əlavə edib ki, müəyyən vacib addımlar atılıb:
"Artıq bir neçə nəqliyyat marşrutu formalaşıb – Cənub-Qərb və Şimal-Qərb marşrutları. Bu əlaqələr gələcək əməkdaşlıq trayektoriyasının şaxələndirilməsinə dəstək olacaq".
Analitikin sözlərinə görə, Azərbaycan və Rusiya arasında möhkəm siyasi iradənin və prinsipial mövqenin olması bu məsələdə önəm daşıyır. Açıq qalan problemlər olsa da, onların həlli üçün artıq müsbət addımlar atılır və nəticələrini qarşıdakı dövrdə görmək mümkün olacaq.
Jalə Rövşən
tag: İlyas Hüseynov,Politoloq,Zəngəzur,Orta dəhliz,Todaypress.tv,
