“Ermənistan cəmiyyəti azərbaycanafob əhval-ruhiyyədən azad olunmalıdır!” – Millət vəkili

Təhlil

21.07.2025 16:49

“Qayıdış prosesinin qarşısını ala biləcək psixoloji baryerlərin aradan qaldırılması üçün etimad quruculuğu prosesinə başlanmalıdır. Ermənistan hakimiyyəti öz cəmiyyəti ilə işləməli, azərbaycanafob əhval-ruhiyyənin zəiflədilməsinə nail olmalıdır”.

Milli Məclisin deputatı Azər Allahverənov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, soydaşlarımızın Qərbi Azərbaycana qayıtmasının Ermənistanda niyə qorxu ilə qarşılandığını belə izah edib:    

“Daşnaksütyun partiyasının toplantısında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan etiraf edirdi ki, əgər azərbaycanlıların çıxarılmasına nail olmasaydılar, onlar çox qısa müddətdə ölkənin demoqrafik mənzərəsini dəyişə bilərdilər. Nəticə etibarilə, səsvermə hüququna malik azərbaycanlıların sayının artması seçki prosesinə təsir göstərərək ölkənin siyasi mənzərəsini dəyişməyə gətirib çıxara bilərdi. Həmin dövrdə etnik təmizləməni də məhz bu arqumentlə əsaslandırırdılar. Əgər bu siyasətin bir neçə səbəbi var idisə, onlardan biri də bu idi. 

Məhz buna görə də erməni cəmiyyətində azərbaycanlılara qarşı dərin bir qorxu və narahatlıq hökm sürür. Təbii ki, demoqrafik böhranla üzləşən bir dövlət üçün bu hal real təhlükə kimi qiymətləndirilə bilər. Erməni ekspertlərinin fikrincə, hazırda ölkə ərazisində cəmi 2 milyon nəfər yaşayır. Rəsmi mənbələr əhalinin sayını 3 milyon göstərsə də, qeyri-rəsmi məlumatlara əsasən bu rəqəm 2 milyondan da azdır. Real statistika isə daha aşağıdır.

Hazırda sayları 300–350 min civarında olan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı və Ermənistan vətəndaşlığını əldə etməsi, onların təbirincə desək, qarşıdakı 10–20 ildə ölkə üçün arzuolunmaz demoqrafik və siyasi nəticələr doğura bilər. Bugünkü isterikanın əsas səbəbi də məhz budur. Burada mühüm bir psixoloji amil də mövcuddur: son 35 ildə Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamayıb və anti-Azərbaycan ritorikası güclü şəkildə formalaşıb. Erməni cəmiyyəti faşist və irqçi ideologiyaya söykənib. Etnik azərbaycanlılar həmişə uşaqlara düşmən obrazında təqdim olunublar”.

Parlamentari qeyd edib ki, qayıdış prosesinin qarşısını ala biləcək psixoloji baryerlərin aradan qaldırılması üçün etimad quruculuğu prosesinə başlanmalı, Ermənistan hakimiyyəti öz cəmiyyəti ilə işləməli, azərbaycanafob əhval-ruhiyyənin zəiflədilməsinə nail olmalıdır:

“Digər tərəfdən, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının təmin olunması beynəlxalq hüququn tələbidir. Beynəlxalq hüquqa əsasən, münaqişə nəticəsində öz ölkəsinin ərazisindən məcburi köçkün düşən şəxslərin hüquqları tanınmalıdır. Bu baxımdan Ermənistan öz üzərinə öhdəlik götürməlidir. Hüququn bərqərar olunması üçün tarixi ədalət bərpa edilməlidir. Aydın görünür ki, Ermənistanda azərbaycanafob əhval yüksək səviyyədə olsa da, bu ölkə beynəlxalq hüquq qarşısında acizdir. Hüquqi baxımdan bu prosesə müdaxilə zəruridir. Ermənistan qanunvericiliyində bu məsələ əks olunmalı və prosesin başlanmasına hüquqi baza yaradılmalıdır. Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə Ermənistan hökuməti arasında görüşlər keçirilməlidir. 

Ermənistan hazırkı isterikanı doğuran səbəblərin aradan qaldırılması istiqamətində mütləq şəkildə işləməlidir. Əfsuslar olsun ki, burada xarici havadarların da mənfi təsiri özünü göstərir. Bu havadarların əsas istəklərindən biri Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıdışına imkan verilməməsidir. Bu yanaşma son 35 il ərzində Ermənistanın dövlət siyasətinin əsas xəttinə çevrilib. İstənilən halda ilk növbədə erməni cəmiyyətində kök salmış anti-Azərbaycan stereotipləri sındırılmalıdır”. 

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan 300 min azərbaycanlının qayıdışını mümkün hesab etdiyini bildirib: 

“Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər”.

Qiymət Mahir

tag: Azər Allahverənov,Deputat,Ermənistan,Azərbaycanafob,Todaypress.tv,

photo