Nobel Sülh Mükafatı alan Maçado kimdir? - DOSYE
Təhlil
10.10.2025 16:31
Venesuelanın əsas müxalifət liderlərindən biri olan Mariya Korina Maçadoya ölkəsində demokratik hüquqların təşviqi uğrunda apardığı mübarizəyə görə 2025-ci il Nobel Sülh Mükafatı verilib.

TodayPress TV xəbər verir ki, 58 yaşlı sənaye mühəndisi olan Maçado hazırda Venesuelada gizlənərək yaşayır.
2024-cü il seçkilərində prezident Nikolas Maduraya qarşı namizədliyini irəli sürmək istəsə də, məhkəmə tərəfindən bu hüquqdan məhrum edilmişdi.
“O, Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmadan mübarizə apardığına və diktaturadan demokratiyaya ədalətli, dinc keçid əldə etmək səylərinə görə Nobel Sülh Mükafatına layiq görülür”, - deyə Norveç Nobel Komitəsi Osloda keçirilən təqdimat mərasimində bildirib.
Komitə Maçadonu Latın Amerikasında “vətəndaş cəsarətinin ən parlaq nümunələrindən biri” kimi xarakterizə edib.
Maçado 2024-cü il prezident seçkilərində demokratik müxalifətin namizədi kimi iştirak etmiş, lakin Maduro hökuməti tərəfindən kənarlaşdırılmışdı. Daha sonra o, müxalifətin alternativ namizədi Edmundo Qonsales Urrutiyanı dəstəkləmişdi.

Həmin il Nikolas Maduro səslərin 51 faizini toplayaraq üçüncü dəfə prezident seçildiyini elan etmişdi. O bu vəzifəni 2013-cü ildə prezident Uqo Çavesin ölümündən sonra tutmuşdu.
Lakin müxalifət nəticələrin saxtalaşdırıldığını bildirərək iddia etdi ki, Maduro əslində cəmi 30 faiz səs toplayıb, seçkilərin qalibi isə Qonsales olub. Müxalifət seçki dairələrindən toplanan rəsmi səs saylarını dərc etdikdən sonra beynəlxalq dəstək qazandı.
Bundan sonra ölkə üzrə etirazlar başladı. Aksiyaçılar seçki məntəqələrinin nəticələrinin açıqlanmasını tələb etdilər, hökumət isə etirazları və müxalifət liderlərini sərt şəkildə repressiyaya məruz qoydu.
Norveç Nobel Komitəsinin sədri Yorqen Vatne Früdnes Maçadonun həyatına ciddi təhlükələr səbəbindən gizlənmək məcburiyyətində qalmasına baxmayaraq, ölkəni tərk etməməsini “milyonlara ilham verən addım” kimi qiymətləndirib.

“Azadlığı müdafiə edən cəsur insanları tanımaq həyati əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
11 milyon İsveç kronuna (təxminən 1,2 milyon dollara) bərabər olan Nobel Sülh Mükafatı ənənəvi olaraq Alfred Nobelin ölüm ildönümündə – 10 dekabrda Osloda təqdim olunacaq.
Qiymət Mahir
tag: Mariya Korina Maçado,Nobel,Mükafat,Venesuela,Todaypress.tv,
