Şahin Şıxlinski ilə bağlı siyasi sifariş yerinə yetirilib? – Millət vəkili AÇIQLADI
Təhlil
18.07.2025 11:35
“Azərbaycan Diasporasının Yekaterinburqdakı rəhbəri Şahin Şıxlinskinin beynəlxalq axtarışa verilməsi siyasi sifariş təsiri bağışlayır”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, prosesin məhz indiki dönəmdə baş verməsi cəmiyyətdə ciddi narahatlıq və suallar doğurur. Ona görə də bu məsələ təkcə hüquqi çərçivədə deyil, həm də siyasi kontekstdə qiymətləndirilməlidir.
“Məsələ sırf hüquqi xarakter daşısaydı, bu günədək niyə heç bir tədbir görülmədiyi izah edilməli idi. Əgər ortada cinayət varsa, bu günə qədər niyə axtarış elan olunmamışdı? Niyə məhz indi Şahin Şıxlinski hədəfdədir?”.
Millət vəkilinin fikrincə, bu addım Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf etdiyindən, siyasi sifariş ehtimalını daha da gücləndirir.
Deputat sonda vurğulayıb ki, bu tip addımlar yalnız hüquqi deyil, həm də geosiyasi və ictimai təsirlər nəzərə alınaraq qiymətləndirilməlidir. Məhz indiki vaxtda belə qərarların verilməsi həm daxili, həm də xarici siyasi proseslərə xidmət edə bilər.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
Xatırladaq ki, bundan əvvəl Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ş.Şıxlinskinin oğlu Mutvalını iki ay müddətinə həbs edib. Buna səbəb iyulun 1-də “Baku Plaza” yaxınlığında baş verən hadisə olub. Həmin vaxt FTX əməkdaşları avtomobildə olan diaspor rəhbərinə hücum edib. Sükan arxasında olan Mutvalı hücumdan yayınmaq üçün maşını arxaya verəndə güc strukturu orqanın əməkdaşını vurub. O, məhkəmədə sağ tərəfində olan mühafizəçini görmədiyini və baş verənlərdən peşman olduğunu bildirib. Şahin Şıxlinski də bir neçə gün öncə həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
Töhfə Səməd
tag: Ceyhun Məmmədov,Deputat,Şahin Şıxlinski,Sifariş,Açıqlama,Todaypress.tv,
