NATO-Rusiya qarşıdurması: Real risklər və maneələr
Təhlil
14.10.2025 13:01
“Rusiya nə qədər səfeh olmalıdır ki, NATO-ya hücum etsin”.
Bu sözləri NATO-nun Baş Katibi Mark Rutte deyib.
O vurğulayıb ki, belə bir addım Rusiya ilə alyans arasında açıq münaqişə mənasına gələcək:
“Ümid edirik ki, bu, heç vaxt baş verməz”, – Rutte qeyd edib.
Baş katib, həmçinin Rusiya və NATO arasında mümkün müharibənin Ukraynadakı münaqişədən tamamilə fərqli olacağını bildirib:
“Bu, bir çox səbəbdən fərqli olardı. İndi ətraflı izah edə bilmirəm, çünki biz onlara informasiya üstünlüyü vermək istəmirik”.
Ruttenin açıqlaması fonunda Qərb mediasında NATO-Rusiya münasibətlərində gərginliyin artdığı, lakin tərəflərin birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışdığı barədə fikirlər səslənir.
Politoloq Samir Hümbətov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, münaqişə dünyanı dərin siyasi böhrana sürükləyə bilər:
"Rusiya-NATO qarşıdurması faktiki olaraq Üçüncü Dünya müharibəsinin daha geniş miqyasda baş verməsi deməkdir. Hazırda bu müharibə kiçik miqyasda davam edir – Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS və digər istiqamətlərdə. Ancaq Rusiya ilə NATO birbaşa qarşılaşsa, bu, ciddi təhlükəsizlik riskləri yaradacaq və təhlükəsizlik arxitekturası tamamilə dağılacaq. Burada yalnız Rusiya və NATO qarşıdurması deyil, digər tərəflərin də iştirakı ehtimalı var. Bu, dünya müharibəsinin dağıdıcı nəticələr verəcəyi ehtimalını artırır”.
Politoloq qeyd edib ki, gedişatda risklər artmağa başlayıb:
"Mən ümid edirəm ki, bu müharibə baş verməyəcək, lakin risklər getdikcə artır. Əgər belə bir qarşıdurma olarsa, Rusiya-Ukrayna müharibəsində Ukrayna yaddan çıxacaq və müharibə daha genişmiqyaslı xarakter alacaq. Onsuz da, Ukraynanı poliqona çeviriblər. İndi Ukrayna üzərində daha geniş müharibə təhlükəsi var".
Ekspertin fikrincə, risklər olsa da, maneələr də var:
“Hazırda Ukraynaya silahlar verilir və döyüşlər davam edir, amma bu dəfə yalnız Ukrayna deyil, kollektiv NATO da cəlb olunacaq. Lakin inanmıram ki, bu cür bir hal baş versin. NATO-nun müharibəyə başlaması üçün ABŞ-dən razılıq tələb olunur və bu, riskli addım olardı. Həmçinin Birləşmiş Ştatların buna razılıq verib-verməyəcəyi sual altındadır”, – analitik son olaraq bildirib.
Jalə Rövşən
tag: Samir Hümbətov,Politoloq,Rusiya,NATO,Todaypress.tv,
