Trampın "böyük açıqlama"sına son saatlar qaldı: Hədəf Putindir?
Təhlil
14.07.2025 15:20
“ABŞ Prezidenti Donald Trampın bugünkü çıxışı əsasən Rusiya Prezidenti Vladimir Putini günahlandırmaq üzərində qurulacaq”.
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.
Ekspertin qənaətincə, Trampın hakimiyyətə gəldiyi gündən indiyədək Rusiya-Ukrayna münaqişəsinin həllində heç bir real irəliləyişə nail ola bilməməsi onun imicinə ciddi zərbə vurub:
“24 saat ərzində bu məsələni həll edəcəm” deyən Tramp buna əmin idi. Lakin Putinin onu manipulyasiya etdiyini gördükdən sonra fikrini dəyişdi. Tramp daha əvvəl də bəyan etmişdi ki, Putin razılığa gəlməsə, Ukraynaya o qədər silah verəcək ki, Rusiya qarşısında üstünlük qazansın, həmçinin Moskvaya qarşı sərt sanksiyalar tətbiq edəcək.
Hesab edirəm ki, həmin məqam artıq yetişib. Trampın bu gün edəcəyi çıxışda Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya hücum silahları ilə yanaşı, “Patriot” Hava Hücumundan Müdafiə sistemlərinin verilməsi də açıqlanacaq. Bununla yanaşı, 500 milyon dollar dəyərində yardımın ayrıldığı da elan olunacaq. Çıxışın əsasən Putini günahlandırmaq üzərində qurulacağı şübhəsizdir. Tramp eyni zamanda Avropanın NATO çərçivəsində gücləndirilməsinin vacibliyindən danışacaq. Artıq Avropa İttifaqına üzv ölkələr də hərbi xərclərini ÜDM-in 5 faizi səviyyəsinə qədər artırdıqlarını açıqlayırlar”.
Politoloq Trampı “qeyri-müəyyən mövqeyə sahib siyasətçi” adlandırıb:
“Onun dedikləri ilə əməlləri çox vaxt üst-üstə düşmür. Böyük ehtimalla, çıxışında Putinə qarşı sərt ritorika səsləndirməyəcək. Hələlik o, Putinlə bütün körpüləri yandırmaq istəmir, sadəcə təzyiq göstərməyə çalışır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyini bildirib.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Tramp,Putin,Todaypress.tv,
