Paşinyan yenə vaxt qazanır: 4 kənd məsələsi gündəmdə
Təhlil
13.11.2025 17:36
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Qazaxın dörd kəndinin qaytarılmasını mühüm diplomatik uğur adlandırıb və digər dörd kəndin taleyinin delimitasiya komissiyalarında həll olunacağını bildirib. Ermənistan tərəfi isə anklavların dəyişməz qalmasını təklif edir.
Eyni gündə Ermənistan Baş naziri Nikol Paşinyan ərazi mübadiləsinin yalnız Ermənistan vətəndaşlarının razılığı ilə mümkün ola biləcəyini deyib, ekspertlər isə bu bəyanatı daxili auditoriyaya hesablanmış populist addım kimi qiymətləndirirlər.
Maraqlıdır, Paşinyanın ərazi mübadiləsini xalqın razılığı ilə şərtləndirməsi real siyasi mövqedir, yoxsa danışıqları ləngitmək üçün atılmış populist bir addımdır?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Şakir Ağayev bildirib ki, Paşinyanın dörd kəndin qaytarılmasını xalqın razılığı ilə şərtləndirməsi prosesi ləngitmək və vaxt qazanmaq məqsədi daşıyır:

"Şübhəsiz ki, Paşinyanın bu çıxışı –yəni Ermənistanda qalan dörd kəndin qaytarılmasının xalqın razılığı ilə mümkün olacağını deməsi – prosesi ləngitmək məqsədi daşıyır. Mən dəfələrlə qeyd etmişəm ki, Paşinyan seçkilərə qədər nə sülh müqaviləsini imzalamaq, nə Azərbaycanın şərti olan Konstitusiyadakı dəyişiklikləri həyata keçirmək, nə də anklavda qalan kəndlərimizin qaytarılması istiqamətində real addımlar atmaq niyyətindədir".
Ekspert vurğulayıb ki, Paşinyan bütün vacib qərarları seçkilərdən sonraya ertələməyə çalışır:
"Bu, açıq şəkildə zaman qazanmaq cəhdidir. Paşinyan seçkilərə qədər prosesi uzadaraq bütün əsas qərarları seçkilərdən sonrakı dövrə saxlamağa çalışır. Hazırda onun diqqəti tam şəkildə gələn ilin iyun ayında Ermənistanda keçiriləcək seçkilərə yönəlib.
Bu səbəbdən o, istər Zəngəzur dəhlizinin açılması, istər sülh müqaviləsinin imzalanması, istərsə də Azərbaycana məxsus dörd kəndin qaytarılması məsələlərində prosesi uzatmaqla məşğuldur. Qısacası, seçkilərədək Paşinyandan Azərbaycanla sülh danışıqları və ya delimitasiya–demarkasiya istiqamətində ciddi addım gözləmək real deyil".
Jalə Rövşən
tag: Paşinyan,Ermənistan,Kənd,Anklav,Todaypress.tv,
