Rusiyada “Azərbaycan diasporu” ifadəsi ləğv edildi, yerinə isə...

Təhlil

06.09.2025 16:30

“Rusiyada Azərbaycan diaspor təşkilatlarının strukturunda mühüm dəyişikliklər baş verir. Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin yerinə yeni rəhbər seçilib. Bununla yanaşı, artıq Rusiyada “Azərbaycan diasporu” ifadəsi ləğv edilərək, onun əvəzinə “Azərbaycan icması” anlayışı tətbiq olunur”.

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, diaspor anlayışı ilk növbədə mənsub olduğu dövlətə bağlılığı ifadə edir. İcma isə yaşadığı ölkənin qanunlarına inteqrasiya edən birlikdir. Rusiyanın bu addımı təsadüfi deyil. Moskva azərbaycanlıların diasporunu ləğv edib icma formasına salmaqla, onları tam şəkildə öz təsiri altına alır:

“Əsas məqsəd isə Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasında rəsmi Bakının rolunu sıfırlamaq və bu mexanizmdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Artıq yeni təyin olunmuş icma rəhbəri Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək ifadə edib və hərbçilərə yardım göstərilməsinin vacibliyini vurğulayıb. Bu isə Kremlin siyasətinə açıq şəkildə xidmət deməkdir”.

Analitik xatırladır ki, bir neçə gün öncə Kremlin ideoloqu Aleksandr Duqin də Rusiyada yaşayan əcnəbilərin rus cəmiyyətinə inteqrasiyasının zəruriliyini xüsusi qeyd etmişdi. Bu kontekstdə yaxın vaxtlarda Rusiyadakı “Azərbaycan icmaları” rəhbərlərinin Azərbaycana qarşı bəyanatlar verməsi və Kremlin maraqlarını müdafiə etməsi gözləniləndir.

“Eyni ssenari Ermənistan və Mərkəzi Asiya ölkələrindən olan miqrantlara da şamil olunacaq”

Politoloqun qənaətincə, eyni ssenari Ermənistan və Mərkəzi Asiya ölkələrindən olan miqrantlara da şamil olunacaq. Rusiya rəhbərliyi miqrantlardan yalnız öz siyasi məqsədləri naminə istifadə etməyi planlaşdırır.

“Əgər Rusiya diaspor təşkilatlarını ləğv etdikdən sonra onların yerinə icma yaradaraq başına öz adamlarını qoyursa, bu halda Rusiyadakı Azərbaycan səfirliyi və konsulluqlar həmin qurumlara xidməti tam dayandırmalıdır”, - deyə M.Əsədullazadə fikrini yekunlaşdırıb.

Töhfə Səməd

TodayPress TV

tag: Rusiya,Azərbaycan diasporu,İcma,Moskva ,Todaypress.tv,