Gözlər Əbu-Dabidə: Nələr müzakirə olunacaq? – PROQNOZ

Təhlil

09.07.2025 16:20

“İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında arasında keçiriləcək görüşdə Zəngəzur dəhlizi məsələsi daha geniş və konkret şəkildə müzakirə oluna bilər. Eyni zamanda, sülh perspektivləri ətrafında da əhəmiyyətli danışıqların aparılması gözləniləndir”.

Politoloq Elşad Mirbəşiroğlu bunu gözlənilən görüş barədə TodayPress TV-yə danışarkən deyib.     

O bildirib ki, belə görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan növbəti addımlar hesab oluna bilər:   

“Hazırda Azərbaycanla Ermənistan arasında müzakirə olunan əsas məsələlər təkcə sülh sazişinin imzalanması ilə məhdudlaşmır. Eyni zamanda Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması da gündəmin əsas mövzularından biridir.  Düşünürəm ki, həm münasibətlərin normallaşdırılması, həm də dəhlizin açılması və bu məsələyə dair detallı müzakirələrin aparılması ehtimalları realdır. Bəs bu görüş tərəflər arasında sülh sazişinin imzalanmasını sürətləndirə bilərmi? Məncə, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivi real görünmür. Bu, ilk növbədə Ermənistandakı hazırkı siyasi vəziyyətlə bağlıdır.

2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək və indiki proseslər göstərir ki, həmin seçkilər Baş nazir Nikol Paşinyan üçün gözlənilməz nəticələrlə müşayiət oluna bilər. Hətta o, hakimiyyətdən də gedə bilər. Ermənistan müxalifəti bunun üçün bütün imkanlarını səfərbər edib. Paşinyanla kilsə arasında dərin ziddiyyətlər mövcuddur və bu məsələdə kompromis imkanları görünmür. Müxalifət, əsasən Paşinyanın sələflərinin rəhbərliyi ilə ona qarşı barışmaz və sərt mövqe nümayiş etdirir.

Analitik hesab edir ki, bütün bu şəraitdə Paşinyanın əsas prioriteti siyasi hakimiyyətini qoruyub saxlamaqdır:

“Lakin bu, heç də asan görünmür. Bu baxımdan hesab edirəm ki, dəhliz məsələsi daha geniş və konkret şəkildə müzakirə oluna bilər. Eyni zamanda, sülh perspektivləri ətrafında da əhəmiyyətli danışıqların aparılması gözləniləndir”.

Qeyd edək ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.  

Qiymət Mahir

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Azərbaycan,Ermənistan,Əbu Dabi,Todaypress.tv,

photo