Türkiyə və Azərbaycan liderləri hansı məsələləri müzakirə edəcək?

Təhlil

19.06.2025 11:35

“Azərbaycan və Türkiyə liderlərinin kritik görüşü regionda sabitliyə ciddi töhfə verə bilər”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, hazırkı mərhələdə Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər fonunda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın baş tutacaq görüşü xüsusi əhəmiyyət kəsb edir. Bu görüş dost və qardaş ölkələr arasında hərbi-siyasi müttəfiqlik zəminində baş tutan kritik təmas kimi qiymətləndirilməlidir.

“Regionda həm Rusiya, həm də İranın birbaşa və ya dolayı yolla iştirak etdiyi hərbi münaqişələrin fonunda sülh və sabitliyə dair müzakirələrin keçirilməsi, liderlər səviyyəsində görüşlərin təşkili olduqca vacibdir. Azərbaycanın Türkiyə ilə bütün siyasi mövzularda ortaq mövqeyə sahib olması isə iki ölkə arasında dərin strateji tərəfdaşlığın regional proseslərə təsir imkanlarını artırır”.

Analitik görüşün əhəmiyyətini artıran digər məqam kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə planlaşdırılan səfərini göstərib. Onun qənaətinə görə, bu ardıcıl görüşlər Zəngəzur Dəhlizinin açılması məsələsini yenidən aktuallaşdırır və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair müzakirələri gündəmə gətirir. Bu məsələlərin həllində Türkiyənin vasitəçiliyi və dəstəyi həlledici rol oynaya bilər.

“Zəngəzur Dəlizinə qarşı çıxış edən dövlətlərdən biri və ən başlıcası İran idi. Hesab edirəm ki, bu proseslərin sonunda İranın mövqeyində də yumşalma ola bilər və bu imkanlardan istifadə edərək həm "3+3" formatında əməkdaşlığı möhkəmləndirmək, həm də iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək və bununla da regional sülhü daha da dayanıqlı etmək mümkündür”, - deyə o, nitqini sonlandırıb.

Qeyd edək ki, iyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir. Regionda mürəkkəb geosiyasi durum şəraitində bu səfər xüsusi diqqət çəkir. İyunun 20-də isə Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır. Hər iki səfər Cənubi Qafqazda yeni siyasi və regional dinamikanın işarələrini daşıyır.

Töhfə Səməd

tag: İlyas Hüseynov,Politoloq,Türkiyə,Azərbaycan,Todaypress.tv,

photo