ABŞ-dən sərt addım: Daha bir islamçı təşkilat hədəfdə!

Təhlil

24.11.2025 14:52

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ yaxın zamanda "Müsəlman Qardaşlar Hərəkatı"nı xarici terror təşkilatları siyahısına daxil etməyi planlaşdırır. O qeyd edib: “Bu addım ən sərt və qəti şəkildə atılacaq. Sənədlərin son variantı hazırlanma mərhələsindədir.”


Təhlilçilər bildirirlər ki, “Müsəlman Qardaşlar Hərəkatı”nın vahid, mərkəzləşdirilmiş strukturu olmadığından, belə bir qərarın tətbiqi hüquqi və praktiki çətinliklərlə üzləşə bilər. 

Maraqlıdır, ABŞ-nin bu addımı nə dərəcədə yalnız milli təhlükəsizlik arqumentinə əsaslanır?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, "Müsəlman Qardaşları"nın bölgədə yenidən nüfuz qazanması ABŞ-nin onları hədəfə almasının əsas səbəbidir:


"Müsəlman Qardaşları hərəkatı Misirdə formalaşmış siyasi təşkilatdır və bildiyimiz kimi, onun müxtəlif ölkələrdə də qolları mövcuddur. Məsələn, Tunisdə, yaxud digər ərəb dövlətlərində. “Ərəb Baharı” prosesindən sonra — Tunisdə Prezident Zeynalabidin Bin Əlinin, Misirdə isə Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsindən sonra — Tunisdə Müsəlman Qardaşlarına yaxınlığı ilə tanınan “Ən-Nəhdə” Partiyası, Misirdə isə hərəkatın özünün siyasi qanadı hakimiyyətə gəldi. Misirdə Məhəmməd Mursi prezident seçildi, lakin daha sonra hazırkı prezident Əbdülfəttah əs-Sisinin rəhbərlik etdiyi hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırıldı. Mursi isə sonradan vəfat etdi".

Ekspert qeyd edib ki, burada məqsəd bölgədə islam yönümlü siyasi hərəkatların təsirini məhdudlaşdırmaqdır:


"Bütün bu proseslər göstərir ki, ABŞ ərəb dünyasında islam yönümlü siyasi cərəyanların yenidən güclənməsinin qarşısını almağa çalışır. "Müsəlman Qardaşları" köklü bir hərəkatdır. Onu müəyyən mənada Bəəs Partiyası ilə müqayisə etmək olar. O dövrdə ərəb milliyyətçiliyi geniş yayılmışdı və Camal Əbdünnasirin Misirində, eləcə də Suriya və İraqda müxtəlif formalarda Bəəs Partiyası hökm sürürdü — Suriyada Əsəd ailəsi ilə, İraqda isə Səddam Hüseynlə bağlı olaraq".

Onun qənaətincə, ABŞ müttəfiqinin mövqeyini möhkəmləndirməyə fokuslanıb:

"Bu gün isə ərəb milliyyətçiliyinin dini elementlərlə sintezi 'Müsəlman Qardaşları"nın ideoloji nüvəsini təşkil edir. Təşkilatın terror siyahısına salınması ehtimalı gələcəkdə radikal islamçı qruplaşmaların qarşısını almaq və İslam yönümlü siyasi hərəkatların hakimiyyətə gəlməsini məhdudlaşdırmaq məqsədi daşıya bilər. Xüsusilə Misirdə sosial problemlərin dərinləşməsi hərəkatın nüfuzunu artırır və ABŞ müttəfiqi olan Qahirənin mövqeyini gücləndirmək üçün bu addıma meylli görünür".

Zeynal Əmrəliyev sonda əlavə edib ki, təşkilatın parçalı strukturu onun müxtəlif qollarının da hədəfə alınacağını göstərir:

"Bununla yanaşı, Müsəlman Qardaşları vahid, mərkəzləşdirilmiş bir qurum deyil — müxtəlif ölkələrdə müxtəlif fraksiyalar şəklində fəaliyyət göstərirlər. Yəqin ki, ABŞ də bu reallığı nəzərə alacaq və ümumi bir siyahı tərtib edərək hərəkatla əlaqəsi olan və ya onun ideoloji xəttini təmsil edən qruplaşmaları da terror kateqoriyasına daxil etməyə çalışacaq".  

Jalə Rövşən

TodayPress TV

tag: Zeynal Əmirəliyev,Politoloq,ABŞ,İslamçı Hərəkat,Todaypress.tv,