Türkiyədə yeni siyasi dinamizm başlayacaq - PROQNOZ

Təhlil

21.07.2025 20:16

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə kifayət qədər populyar liderdir. Məlumdur ki, onun yenidən prezident seçilməsi hazırkı konstitusiyaya əsasən mümkün deyil. Son prezident seçkiləri zamanı o, özü də bildirmişdi ki, bu, iştirak etdiyi son seçkidir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Türkiyə prezidentinin baş müşaviri Mehmet Uçlumun "Ərdoğan Konstitusiyaya dəyişiklik edilmədən növbəti dəfə prezidentliyə namizədliyini irəli sürə bilər" fikrinə münasibət bildirib:

“Uçlumun bu məsələyə dair verdiyi açıqlamanın nədən qaynaqlandığı hələlik bəlli deyil. Halbuki son bir həftə ərzində Ərdoğan bir neçə çıxışında seçkilərin vaxtında keçiriləcəyini vurğulayıb. Əgər seçkilər Konstitusiyada nəzərdə tutulduğu tarixdə baş tutarsa, Ərdoğan namizədliyini irəli sürə bilməz. Türkiyədə konstitusiya dəyişiklikləri referendum yolu ilə qəbul edilir. Sonuncu referendum 2017-ci ildə keçirilib və həmin səsvermədə AK Parti qalib gəlib.

Yeni konstitusiyanın hazırlanması və orada hansı dəyişikliklərin nəzərdə tutulacağı əvvəlcə gündəmə gətirilməlidir. Bu halda Ərdoğanın yenidən prezidentliyə namizəd ola bilməsi məsələsinin konstitusiyaya salınıb-salınmayacağı da aydınlaşacaq. Belə bir ssenari baş verərsə, Türkiyədə yeni bir siyasi dinamizmin başladığını müşahidə edəcəyik”.

Qeyd edək ki, Türkiyə liderinin baş müşaviri Mehmet Uçlum "X" hesabında yazıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya dəyişiklik edilmədən növbəti dəfə prezidentliyə namizədliyini irəli sürə bilər. Onun sözlərinə görə, Ərdoğanın yenidən seçkilərdə iştirak etməsi üçün yeni Konstitusiyanın qəbuluna və ya mövcud qanunvericiliyin dəyişdirilməsinə ehtiyac yoxdur.

Qiymət Mahir

tag: Türkiyə ,Prezident,Rəcəb Tayyib Ərdoğan ,Kazım Kazımov,Todaypress.tv,

photo