Qəzzada atəşkəs mütləqdir! Uzunmüddətli sülh üçün…

Təhlil

02.06.2025 16:33

“Qəzzada atəşkəs mütləq lazımdır, lakin uzunmüddətli sülh üçün bu yetərli deyil”.

Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Qəzza zolağında davam edən münaqişənin aradan qaldırılması üçün atəşkəsə nail olunması zəruridir, lakin bu addım təkcə müvəqqəti humanitar həll kimi deyil, ümumilikdə Fələstin probleminin həlli kontekstində dəyərləndirilməlidir. 

"Qəzza tərəfi genişmiqyaslı hücuma məruz qaldığı üçün atəşkəsdə əsas maraqlı tərəf onlardır. Lakin bu razılaşma aydın və məqsədyönlü şərtlərlə baş verməli və mütləq şəkildə yerinə yetirilməlidir. Qısamüddətli atəşkəs razılaşmaları, məsələn, 30 və ya 60 günlük humanitar fasilələr, əgər yalnız əsir və girovların dəyişdirilməsi ilə yekunlaşacaqsa, bu, uzunmüddətli təhlükəsizlik və davamlı sülh üçün yetərli ola bilməz. Keçmişdəki iki aylıq atəşkəs dövrü də real nəticələr vermədi, yalnız məhdud sayda humanitar mübadilələrlə yadda qaldı".

Analitik diqqətə çatdırıb ki, hazırda Fələstin və İsrail tərəflərinin tələbləri və məqsədləri kökündən fərqlənir. İsrail Qəzzanı tam nəzarət altına almağa və İordan çayının qərb sahilində yeni yahudi yaşayış məntəqələri salmaqla Fələstin dövlətinin müstəqil şəkildə təşəkkül tapması imkanlarını sıfırlamağa çalışır. İsrailin artıq 22 yeni yəhudi yaşayış məntəqəsinin salınması ilə bağlı qərar verməsi bu istiqamətdə konkret planların olduğunun sübutudur:  

“Belə bir vəziyyətdə Fələstinin bir dövlət kimi mövcudluq haqqı pozulur və bu da regiona ümidlə baxmağa imkan vermir. Yaxın Şərqdə davamlı sülh yalnız “iki dövlət modeli” əsasında mümkün ola bilər. Yəni həm müstəqil Fələstin, həm də müstəqil İsrail dövlətinin varlığı və təhlükəsizliyi qarşılıqlı şəkildə tanınmalıdır".

A. Quliyev sonda vurğulayıb ki, əgər bu prinsip qəbul olunmasa, Yaxın Şərqdə qanlı münaqişələrə son qoymaq mümkün olmayacaq və atəşkəslər yalnız müvəqqəti humanitar pauzalar olaraq qalacaq.

Qeyd edək ki, HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə vasitəçilər yolu ilə olan danışıqlara qayıtmağa hazır olduğunu açıqlayıb. Misir və Qətər isə 60 günlük atəşkəsin tez bir zamanda əldə olunacağına ümidli olduqlarını bildiriblər. Hazırda danışıqlar prosesi davam edir.

Töhfə Səməd

tag: Aydın Quliyev,Politoloq,Qəzza,Atəşkəs,Todaypress.tv,

photo