Rusiya-Ukrayna danışıqları: Növbəti görüş nə vəd edir?

Təhlil

21.07.2025 15:48

"Rusiya Türkiyədə növbəti danışıqlara gedəcək, Ukrayna tərəfinin təklifi ilə gələn həftə İstanbulda görüş baş tutacaq". 

Siyasi ekspert Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O bildirib ki, bu görüşlərin əsir və meyitlərin dəyişdirilməsi istisna olmaqla ciddi nəticələr verməyəcəyi hər kəsə məlumdur:

"Tərəflərin mövqelərində ortaq məqam olmadığı üçün sülh ehtimalı da aşağıdır. Lakin həm Kiyev, həm də Moskva bu danışıqları sülh naminə yox, ABŞ Prezidenti Donald Tramp naminə aparır. Tərəflər Trampı qarşılarına almamaq, onu razı salmaq və öz tərəflərinə çəkmək üçün danışıqların imitasiyasını həyata keçirirlər. Məsələn, Ukrayna tərəfi daha əvvəl İstanbul formatının nəticə vermədiyini bildirsə də, bu həftə özü danışıqlar təklif edib. Bu da Trampa xoş görünmək və danışıqların davam etdiyi görüntüsünü yaratmaq baxımından vacib addımdır.

Digər tərəfdən, Rusiya da bu cür imitasiya xarakterli addımlarla Trampı dayandırmağa çalışır. Tramp üçün hər hansı bir prosesin olması vacibdir. Onun verdiyi 50 günlük zaman çərçivəsində imitasiya xarakterli olsa belə, bu cür təşəbbüslər əhəmiyyət daşıyır. Əslində, Rusiya və Ukraynanı dialoqa məcbur etmək, danışıqlar masasına əyləşdirmək artıq Tramp üçün müəyyən uğur sayılır. Amma onun daha çox nəticəyə ehtiyacı var". 

K.Sultanlının qənaətincə, Rusiya maksimalist hədəflərindən geri çəkilmək niyyətində deyil. Bu baxımdan o, İstanbul formatının yalnız humanitar məsələlər üzrə davam edəcəyini, lakin sülh baxımından nəticə verməyəcəyini düşünür.

Qeyd edək ki, iyulun 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Liderlər telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, regional məsələləri də gündəmə gətiriblər. Ərdoğan həmkarına Ukrayna ilə danışıqların üçüncü raundunun başlamasının vacib olduğunu, İstanbulun da danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Vladimir Putin Ərdoğana İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarını davam etdirməyə hazır olduğuna görə təşəkkür edib. Putin həmçinin Ukraynadakı münaqişənin siyasi və diplomatik həllini tapmağa sadiq olduğunu bildirib.

Qiymət Mahir

tag: Kamran Sultanlı,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo