Həm Avropa, həm Rusiya, həm də ağır itkilərlə üzləşən Ukrayna – hamı yorulub…
Təhlil
21.11.2025 17:25
Kütləvi informasiya vasitələrində ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı planının bütün bəndləri yayımlanıb. Yayılan məlumatlara görə bununla bağlı hələ yekun qərar verilməyib və planın bəzi bəndləri hələ dəyişdirilə bilər.

Maraqlıdır, 28 maddəlik “sülh planı” nın ümumi mahiyyəti nədir? Bu bəndlərin xüsusilə Krım və Donbasın de-fakto tanınması, NATO-nun genişlənmədən imtinası və ABŞ–Rusiya iqtisadi reinteqrasiyası kimi hissələri hansı geosiyasi niyyəti gizlədir?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, plan təhlükəsizlik zəmanətləri və Ukraynanın NATO perspektivinin məhdudlaşdırılması üzərində dayanır:

"28 bənddən ibarət olan bu plan, əlbəttə ki, hələ çox dəyişikliklərə məruz qala bilər. Amma əsas iddialar və tələblər nədir? İlk növbədə, hər iki tərəf öz təhlükəsizliyi üçün qarantiyalar istəyir. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları elə bir mövqe nümayiş etdirir ki, NATO-ya təsir göstərərək Ukraynanın gələcək konfiqurasiyasını müəyyənləşdirsin və ölkənin NATO-ya üzvlük məsələsini gündəmdən çıxarsın".
Ekspert qeyd edib ki, plan atəşkəsə yönəlsə də, Rusiya hücumları və Yermak böhranı Ukraynanı zəiflədir:
"Təsadüfi deyil ki, plan həm Rusiya, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutur. Əsas hədəf isə atəşkəsin əldə olunmasıdır. Çünki müharibədə hələ də sakitlik yoxdur. Rusiya demək olar ki, 1300 kilometrlik qarşıdurma xəttinin doqquz müxtəlif istiqamətində əməliyyatlar aparır. Bu isə Ukraynanın vəziyyətinin daha da ağırlaşdığını göstərir: resurs çatışmazlığı dərinləşir, ölkə daxilində ictimai-siyasi ab-hava da getdikcə qeyri-sabit olur. Yermakın – Prezident Ofisinin rəhbərinin – istefa məsələsinin gündəmə gəlməsi hakim komanda içində də parçalanmaların artdığını göstərir".
"Ukrayna da, Qərb də Krımın itirilməsi ilə barışıb".

Onun sözlərinə görə, planın mərkəzində atəşkəs dayanır. Krım məsələsi isə faktiki olaraq gündəmdən çıxıb – əsas mövzu Donetsk və Luqansk vilayətlərinin, daha geniş mənada dörd regionun Rusiya tərəfindən ilhaqıdır. Rusiya açıq şəkildə bəyan edir ki, tutduğu mövqeləri geri qaytarmayacaq: “qanla alınan geri verilmir”. Bu da onu göstərir ki, plan işə düşərsə, Ukrayna bu reallıqla üzləşməli olacaq.
Politoloq həmçinin vurğulayıb ki, Zelenskinin səhvləri və Qərbin ziddiyyətli siyasəti onun gedişi ehtimalını artırır:
"Bunun fonunda Zelenskinin hakimiyyətdən getməsi məsələsinin də qaçılmaz olacağı ehtimal edilir. Onun idarəçilikdə yol verdiyi ciddi boşluqlar, 2022-ci ilin martında – döyüşlərin başlanmasından az müddət sonra – danışıqlardan imtina etməsi, Boris Consonun təzyiqlərinə boyun əyməsi Ukraynaya çox baha başa gəldi. Sonrakı dövrdə isə müxtəlif vədlər, Qərblə dialoqlar, daxili siyasi kurs və idarəçilikdəki ziddiyyətlər gözlənilən nəticəni vermədi. Qərb çoxlu vədlər versə də, real dəstək nə miqyas, nə də mahiyyət baxımından kifayət etmədi. Bu, bir çoxlarının fikrincə, Zelenskinin səriştəsizliyi ilə deyil, Qərbin ikiüzlü və parçalanmış siyasəti ilə bağlı idi. Xüsusən Britaniya başda olmaqla Avropa ölkələrinin məqsədi Rusiyanı zəiflətmək idi, lakin Rusiya əksinə, savaşı uzadaraq həm Ukraynanı, həm də Qərbi xərcləndirdi".
T. Abbasov hesab edir ki, hazırda Qərbin silah anbarları demək olar ki, tükənib, ABŞ isə paralel şəkildə İsrailə böyük həcmdə sursat ötürməkdə davam edir. Yeni raket və döyüş texnikasının istehsalı zaman tələb etdiyindən, bu vəziyyət Ukraynanın resurs böhranını daha da ağırlaşdırır.
"Bu səbəbdən ehtimal olunur ki, gələn ilin ortalarına qədər ABŞ–Rusiya danışıqları konkret nəticələrə gətirib çıxarmalıdır. Alyaskada aparılan qeyri-rəsmi danışıqların həqiqi strateji xətti müəyyən etdiyi bildirilir. Plan təkcə müharibənin dayandırılmasını deyil, həm də Vaşinqton ilə Moskvanın münasibətlərinin tənzimlənməsini nəzərdə tutur. Çünki tərəflər arasında qarşılıqlı asılılıq elementləri var və uzun illərin təcrübəsi göstərir ki, ABŞ–Rusiya münasibətlərində “soyuq” və “istilik” dövrləri olub, hər iki tərəf bu periodlardan fayda götürə bilib".
"Həm Avropa yorulub, həm Rusiya cəmiyyəti, həm də dağınıq və ağır itkilər verən Ukrayna cəmiyyəti".
O, indiki mərhələdə sülh danışıqları üçün real şəraitin formalaşdığına diqqət çəkərək mətbuatda məlumatların sızdırılmasının təsadüfi olmadığını, ictimai rəylərin yavaş-yavaş müharibənin bitməsinə hazırlandığını bildirib.
Şərhçi sonda vurğulayıb ki, artıq post-Zelenski dövrü müzakirə olunur və oliqarxlar yeni siyasi nizam üçün mövqelərini bərpa edirlər:
"Digər mühüm məsələ – post-Zelenski dövrünə hazırlıqdır. Avropada artıq Zelenskinin varisinin kim ola biləcəyi müzakirə olunur: Zalujni, yoxsa başqa bir fiqur? Eyni zamanda Ukraynanın oliqarx strukturu da yenidən fəallaşır. Pinçuk, Rinat Əhmədov, Medvedçuk, Firtaş və digərləri ölkənin ayrı-ayrı sektorlarına nəzarət edən əsas oyunçulardır. Zelenskini hakimiyyətə gətirən Kolomoyski belə, istintaq altında olsa da, meydanda görünməyə başlayıb. Bu fəallaşma göstərir ki, Ukraynada yeni siyasi mövsüm yaxınlaşır və oliqarxlar artıq müharibədən sonra formalaşacaq nizamı hesablayırlar".
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,
