Azərbaycan-Türkmənistan münasibətləri: Enerji, nəqliyyat və regional sabitlikdə yeni mərhələ
Təhlil
22.08.2025 15:45
“Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən görüşü iki ölkə arasındakı strateji əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ kimi dəyərləndirilməlidir. Bu görüşün əsas mahiyyəti enerji, nəqliyyat və regional sabitlikdir”.
Milli Məclisin deputatı Naqif Həmzəyev bunu TodayPress TV-yə açıqlamasında deyib.
O vurğulayıb ki, Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı təkcə iki ölkə üçün deyil, bütün Xəzər regionu üçün yeni imkanlar açır. Onun fikrincə, Azərbaycan–Türkmənistan münasibətlərinin ən önəmli istiqamətlərindən biri “Dostluq” yatağının ortaq işlənməsidir:
“Bu layihə regional enerji təhlükəsizliyini gücləndirir, Türkmənistan qazının Avropa bazarlarına çıxışını təmin edir və iqtisadi faydalarla yanaşı, siyasi münasibətlərin də möhkəmlənməsinə xidmət edir. Transxəzər Qaz Kəməri layihəsi də bu əməkdaşlığın mühüm elementidir. Layihə reallaşacağı halda illik 30 milyard kubmetr qaz nəql olunacaq, Cənub Qaz Dəhlizi daha da güclənəcək və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə veriləcək”.
Millət vəkilinin sözlərinə görə, iki ölkə arasındakı sıx əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi sabitlik baxımından önəmlidir. Bu çoxtərəfli əməkdaşlıq Xəzər regionunda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edərək regional güc balansını qorumağa imkan yaradır.
Parlamentari, həmçinin əlavə edib ki, Azərbaycan-Türkmənistan əməkdaşlığı Avrasiya regionunda nəqliyyat və logistika şəbəkələrinin inkişafına ciddi töhfə verir. Bu çərçivədə Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılması, multimodal nəqliyyat sistemlərinin inkişafı və regional ticarət dövriyyəsinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bundan başqa, qarşılıqlı investisiya layihələri, texnologiya transferi və sənaye mallarının ticarəti iki ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.
Deputat bildirib ki, Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlığa turizm məkanlarının inkişafı, mədəniyyət mübadiləsi, rəqəmsal texnologiyalar, yaşıl enerji üzrə birgə təşəbbüslər, eləcə də kənd təsərrüfatında innovativ həllərin tətbiqi daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib.
Aysel Mətləb
tag: Naqif Həmzəyev,Deputat,Azərbaycan,Türkmənistan,Todaypress.tv,