İranda hakimiyyət dəyişikliyi istisna olunmur… - ƏSAS ŞƏRT

Təhlil

16.06.2025 17:35

“Savaşda məğlub olacağı təqdirdə, İranda hakimiyyət dəyişikliyi istisna olunmur”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, İsrail-İran münaqişəsinin necə nəticələnəcəyi barədə ehtimallar irəli sürməyin çətin olduğunu bildirib:  

“İsrail bu münaqişənin təxminən 14 gün davam edəcəyini bildirib. İsrail tərəfindən verilən açıqlamalar ondan ibarətdir ki, konkret hədəflərin siyahısı var və münaqişə hədəflərin hamısı vurulduqdan sonra sona çatacaq. Ancaq o da müşahidə olunur ki, İsrail İranın bu qədər güclü müqavimət göstərəcəyini ehtimal etmirdi. İran kifayət qədər ciddi şəkildə müqavimət göstərir və ona görə də münaqişənin uzanma ehtimalı mövcuddur. Hətta uzanar və Yaxın Şərqdə maraqları olan nəhəng dövlətlər də müdaxilə edərsə, o zaman bunun qlobal miqyaslı müharibəyə çevriləcəyi qətiyyən istisna deyil. Xüsusən də Çinin İrana qarşı savaşdan narazı olduğu müşahidə olunur. Çin İsraili ciddi şəkildə qınayır və İrana dəstək göstərməyə cəhd edir. Belə anlaşılır ki, münaqişə nəzarətdən çıxarsa, dünyanı daha qorxunc savaş gözləyə bilər”. 

Ekspert İranda siyasi rejimin dəyişmə ehtimalını da istisna etməyib. 

Qeyd edib ki, hələlik bu, o qədər də inandırıcı görünməsə də, İran bir dövlət olaraq ciddi şəkildə zəiflədilər və növbəti mərhələdə ABŞ və İsrailin maraqlarına cavab verərsə, İranda rejim dəyişikliyinə yönəlik müəyyən addımlar atıla bilər. Artıq İsrailə bu barədə müəyyən çağırışlar edilir. Bu çağırışların siyasi xarakter daşıdığı və ya strateji hədəf olduğu barədə dəqiq fikir söyləmək çətindir. Bununla belə, savaşda məğlub olacağı təqdirdə, İranda hakimiyyət dəyişikliyi ehtimalı istənilən halda istisna olunmur.

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,İsrail,İran,Todaypress.tv,

photo