Politoloq: "Ermənistan kəşfiyyat müharibəsinə hazırlaşır"
Təhlil
18.12.2025 14:26
Ermənistan parlamenti “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna edilən düzəlişləri qəbul edərək MTX-nin nəzdində xarici əks-kəşfiyyat xidmətinin yaradılmasına razılıq verib. Yeni strukturun əsas vəzifələrindən biri Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək olacaq. Maraqlıdır, Ermənistan niyə bu addımı atdı?Bu İrəvanın xarici təhlükəsizlik risklərinin artdığını göstərirmi?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Əziz Əlibəyli bildirib ki, bu təhlükəsizlik sahəsində struktur islahatı kimi qiymətləndirilə bilər:

"Addımın səbəbləri nədir? Bu, kifayət qədər mühüm sualdır. Ermənistan parlamentinin “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna əsasən xarici əks-kəşfiyyat xidmətinin yaradılmasına razılıq verməsinə struktur islahatı kimi baxmaq olar".
Ekspert qeyd edib ki, Ermənistan beynəlxalq imicini dəyişmək istəyir:
"Diplomatik şəxslərin qorunmasının əsas vəzifə kimi müəyyənləşdirilməsi diqqət çəkir. Görünür, Ermənistan bu addımı müəyyən mənada təbliğat alətinə çevirməyə çalışır ki, Azərbaycanla apardığı müharibə və işğal mövzusunu arxa plana keçirsin, əvəzində isə özünü “diplomatik dövlət” kimi təqdim etsin".
Onun sözlərinə görə, diaspor və regiondakı gərginlik əlavə risklər yaradır:
"Xarici istiqamətdə risklər varmı? Düşünürəm ki, Ermənistanın geniş diaspor şəbəkəsi var və bu şəbəkə vahid, mərkəzləşmiş struktur deyil. Ermənistanın apardığı xarici siyasət fonunda daxili siyasi strategiyadan da görünür ki, Nikol Paşinyan hakimiyyəti diaspor daxilində mövcud olan ciddi təzyiq və təhdidlərlə üz-üzədir. Təbii ki, bu amil Ermənistanın təhlükəsizlik axtarışlarını gücləndirir və regiondakı gərginlik fonunda ölkə daxilində də müxtəlif risk qruplarının mövcudluğunu göstərir".
Əziz Əlibəyli sonda əlavə edib ki, Ermənistan kəşfiyyat müharibəsinə hazırlaşır:
"Ən vacib məqam isə ondan ibarətdir ki, Ermənistan faktiki olaraq kəşfiyyat müharibəsinə qoşulmağa çalışır. Bölgədə artan informasiya müharibəsi, kəşfiyyat fəallığı və regional toqquşmalar Ermənistanı mümkün ssenarilərə hazır olmaq zərurəti ilə üzləşdirir. Görünür, bu addım da məhz özünü həmin proseslərə hazırlamaq cəhdi kimi qiymətləndirilməlidir".
Jalə Rövşən
tag: Əziz Əlibəyli,Ekspert,Ermənistan,Kəşfiyyat,Todaypress.tv,
