Rusiyaya qarşı "Hərbi Şengen" qərarı: Müharibənin tarixi də açıqlanır…

Təhlil

25.11.2025 18:31

Avropa Parlamenti Avropa İttifaqında qoşun və hərbi texnikanın sərhədlərarası hərəkətini sürətləndirəcək “hərbi Şengen zonası” layihəsini irəli sürüb. Sənədə görə, Rusiyadan mümkün təhdid fonunda Aİ boyunca hərbi yerdəyişmələrin 3 günə, böhran zamanı isə 24 saata endirilməsi hədəflənir.


Hazırda inzibati və infrastruktur maneələr səbəbindən bu proses bəzən bir aya qədər uzanır. Layihə çərçivəsində 500 kritik infrastruktur nöqtəsinin modernləşdirilməsi və dörd hərbi mobillik dəhlizinin tam işə düşməsi üçün ən azı 100 milyard avro tələb olunur. AP həm də hərbi mobillik büdcəsinin artırılmasını vacib sayır.  


Bəs bu hazırlıq Rusiyanın real hücumundan xəbər verirmi? “Aİ-nin "hərbi Şengen zonası" planı Rusiyadan gələn təhlükəyə qarşı Avropanın müdafiə qabiliyyətini nə dərəcədə artırır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa Rusiyanın mümkün hücumundan ehtiyatlanaraq müdafiəsini sürətlə gücləndirir:


“Dünyada, xüsusilə də Avropa məkanında hazırda real şəkildə “Rusiya xofu” yaşanır. Bir çox Avropa ölkələri Rusiyanın yaxın gələcəkdə yeni müharibə başlatması ehtimalını tamamilə real hesab edir. Bu səbəbdən hərbi potensialın artırılması, Avropanın təhlükəsizlik sisteminin gücləndirilməsi və müdafiə xərclərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır, böyük maliyyə paketləri ayrılır”.

Analitik vurğulayıb ki, Avropa mümkün Rusiya təcavüzünə hazırlaşır:

“Ən diqqətçəkən məqamlardan biri də budur ki, artıq mümkün müharibə üçün konkret tarix aralığı belə gündəmə gətirilir. Ekspertlər hesab edirlər ki, 2028–2030-cu illər arasında Rusiya Avropa məkanına qarşı hərbi təcavüz həyata keçirə bilər. Bu səbəbdən Avropa dövlətlərinin atdığı bütün addımlar, əslində, mümkün təhdidin qarşısını almağa yönəlib”.


Onun sözlərinə görə, bir müddət əvvəl Rusiyanın qərb sərhədləri boyunca NATO-nun genişmiqyaslı təlimləri keçirildi və bu da Moskvaya ciddi mesaj kimi qiymətləndirildi. İndi paralel şəkildə Avropa dövlətləri yeni müdafiə sisteminin qurulması və təhlükəsizlik arxitekturasının yenilənməsi üçün xüsusi layihələr reallaşdırırlar.

Politoloq hesab edir ki, Avropada ABŞ-dən deyil, öz gücündən asılılıq fikri formalaşıb: 

“Artıq Avropada belə qənaət formalaşıb ki, Amerika Birləşmiş Ştatları əvvəlki kimi etibarlı müttəfiq deyil. ABŞ-yə etibarın azalması fonunda NATO-dan da güclü müdafiə təminatı gözləməyin mümkün olmayacağı düşünülür. Bu səbəbdən Avropanın təhlükəsizliyinin təmin edilməsinin məhz Avropanın öz öhdəsinə düşdüyü qənaəti güclənir. Məhz buna görə ən müasir silahların istehsalı, orduların sayının artırılması və müasir hərbi texnika ilə təchizat məsələləri gündəmin əsas mövzularından biridir. Hətta Avropa Birliyinin 800 milyard dollar həcmində müdafiə paketi ayırdığı bildirilir. Bu vəsait Aİ ölkələrinin ordularını yeni standartlarla yenidən silahlandırmağa və müdafiə qabiliyyətini kəskin şəkildə artırmağa yönəlib”.

Elçin Xalidbəyli sonda əlavə edib ki, bütün bu faktorlar Avropada yaranmış Rusiya qorxusunun ölkələri hərbi xərcləri artırmağa məcbur etdiyini göstərir. Bu proses isə yaxın illərdə Avropa Birliyi ölkələri ilə Rusiya arasında hərbi qarşıdurma ehtimalını daha da gücləndirir. 

Jalə Rövşən

TodayPress TV

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Aİ,Todaypress.tv,