Zelenski çətin seçim qarşısında: Donbas yoxsa sülh? – Politoloq
Təhlil
18.08.2025 13:43
"Ukrayna Prezidenti Volodimir Zelenski ciddi və çətin seçim qarşısındadır. ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə ondan müharibəni dayandırmasını və əvəzində Donbas bölgəsini Rusiyaya güzəştə getməsini istəyəcək".
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Kreml bunun müqabilində Ukraynaya qarşı yeni hücumlara başlamayacağını və Qərb dövlətlərinin Kiyevə təqdim edəcəyi təhlükəsizlik zəmanətlərini tanıyacağını vəd edib:
“Bu vədlərin heç birnin bir “qara qəpik” dəyəri yoxdur. Çünki artıq Kremlin 1994-cü il sazişini pozaraq onu zibil yeşiyinə atdığı fakt olaraq ortadadır. Zelenski Vaşinqton səfərindən əvvəl bəyan edib ki, Ukrayna Konstitusiyasına zidd addım atmayacaq və Donbasdan imtina etməyəcək. Əgər bu mövqeyini Trampa da bildirsə, ehtimal ki, görüş nəticəsiz başa çatacaq. Bu isə resursları sürətlə tükənən Ukrayna üçün müharibənin davamı və ABŞ-nin hərbi dəstəyinin azalması demək olacaq”.
Analitik diqqətə çatdırıb ki, əgər Zelenski Trampın təklifini qəbul edərsə, Donbasdan imtinanı Ukrayna xalqına izah etmək məcburiyyətində qalacaq. Bu isə istənilən dövlət başçısı üçün ən ağır missiyalardan biridir:
“Zelenskinin öz ölkəsinin ərazisindən imtinanı xalqına izah etməsi faktiki olaraq kapitulyasiya aktıdır”.
Ekspert hesab edir ki, Tramp üçün əsas məqsəd müharibəni hər vəchlə dayandırmaq, seçkiqabağı vədini yerinə yetirməklə siyasi reytinqini yüksəltmək və Nobel Sülh Mükafatına iddia etməkdir. Onun qarşısındakı əsas maneə isə Zelenskinin kapitulyasiyaya qarşı sərt müqavimətidir.
Ekspertin fikrincə, budəfəki görüş Ukrayna lideri üçün əvvəlkindən daha gərgin keçəcək:
“Zelenski bütün dünyanın gözü qarşısında Ağ Evdə bir daha Tramp ilə açıq mübahisəyə girmək istəmir. Məhz buna görə də o, Trampın təklifinə birbaşa “yox” demək əvəzinə, məsələnin həllini uzatmaq taktikasını seçə bilər”.
Qeyd edək ki, avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçiriləcək. Bakı vaxtı ilə 21:15-də başlayacaq toplantının gündəliyinə əsasən, ikitərəfli formatda danışıqlar üçün təqribən 1 saat vaxt ayrılıb.
Qiymət Mahir
tag: Elxan Şahinoğlu,Politoloq,Ukrayna,ABŞ,Donbas,Sülh,Todaypress.tv,
