"Rusiya anlayır ki, Azərbaycanı itirə bilər"
Təhlil
04.09.2025 11:55
“Hazırkı mürəkkəb geosiyasi şəraitdə Rusiya üçün Azərbaycanla münasibətlərin pozulması heç də əlverişli deyil. Moskva başa düşür ki, Azərbaycanı itirmək kimi ciddi risklə üzləşib”.
Politoloq, sabiq diplomat Fikrət Sadıqov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Rusiya beynəlxalq təcrid vəziyyətindədir:
“Rusiya beynəlxalq təcrid vəziyyətindədir. ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalır. Digər tərəfdən isə, Ukrayna da dərinləşən və sonu görünməyən bir müharibənin içindədir. Həmçinin Cənubi Qafqazda da ənənəvi müttəfiqi olan Ermənistanı müəyyən qədər itirib. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan üzünü artıq tamamilə Qərbə çevirib. Gürcüstanla isə 2008-ci ildən bəri diplomatik münasibətlər yoxdur. Bu reallıq Rusiya üçün ciddi dərs olmalıdır. Bu dərsdən müəyyən nəticələr çıxarmaq lazımdır".
Analitik bildirir ki, Moskva Azərbaycanla əlaqələrin bərpasında maraqlıdır:
"Uzun illər ərzində Azərbaycan-Rusiya münasibətləri normal olub. Ancaq son gərginliklərin yaranmasında günahkar tərəf əlbəttə ki, Azərbaycan yox, Rusiyadır. Təyyarə insidenti, azərbaycanlılara qarşı hücumlar, işgəncələr, həbslər və s. bütün bunlar münasibətləri korlayan əsas amillərdir".
Sabiq diplomat diqqətə çatdırıb ki, Rusiya mediası və təbliğat maşını hazırda Azərbaycana qarşı ideoloji müharibə aparır. Əgər Moskva münasibətlərin bərpasında səmimidirsə, təşəbbüs göstərməlidir:
"Biz istər təyyarə məsələsi, istərsə də həbsdə olan azərbaycanlılarla bağlı məsələ olsun, dəfələrlə əsaslı şərtlərimizi irəli sürmüşük. Əgər Rusiya bu şərtlərə diqqətlə yanaşsa, münasibətlərin normallaşması mümkündür. Bu isə Moskvanın öz maraqlarına tam cavab verər. Çünki əgər Rusiya Azərbaycanı itirmək istəmirsə və tərəfdaşlıq münasibətlərini tam qırmaq fikrində deyilsə, onda bizim şərtlərimizi dinləməli və nəticə çıxarmalıdır".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Azərbaycanla münasibətlərdən danışıb:
“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə müəyyən suallar yaranır. Problemlər var. Bu gün biz prezident Əliyevlə salamlaşdıq, mən onu və xanımını salamladım, bir neçə kəlmə danışdım, amma inanıram ki, əsas məsələ Azərbaycanla Rusiya arasında münasibətlər və onların inkişafında qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”.
Töhfə Səməd
tag: Fikrət Sadıqov,Politoloq,Rusiya,Azərbaycan,Todaypress.tv,
