Gürcüstanlı ekspert: “Rusiya ərazilərimizi qaytarmadan bu, mümkün deyil!”

Təhlil

02.12.2025 17:51

Gürcüstanda ölkənin Aİ və NATO-ya üzvlüyünə qarşı çıxan “Birləşmiş Neytral Gürcüstan” partiyasının təsis qurultayı keçirilib.


Partiyanın lideri Vato Şekarişvili Qərbə inteqrasiyanı “ilüziya” adlandırıb və bildirib ki, neytral status Gürcüstana ərazi bütövlüyünü bərpa etməyə, tranzit rolunu gücləndirməyə və suveren iqtisadi siyasət həyata keçirməyə imkan verəcək. Onun sözlərinə görə, ölkə Qərb kursunu davam etdirsə, Vaşinqton və Brüssel Tbilisiyə təsir göstərməyi davam etdirəcək. 


Maraqlıdır, “Neytrallıq” konsepsiyasının Gürcüstanın siyasi gündəminə daxil olması ölkənin Aİ-NATO kursuna və Qərb-Rusiya təsir balansına necə təsir göstərə bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan gürcüstanlı politoloq Giorgi Qoqua bildirib ki, neytrallıq ideyası kağız üzərində mümkün olsa da, praktikada gerçəkləşməsi mümkün görünmür:

"Gürcüstan üçün neytrallıq nəzəri cəhətdən mümkündür, amma real şəraitdə onun həyata keçirilməsi çox çətindir. Əsas səbəb işğal olunmuş ərazilərdir. Ölkənin təxminən 20 faizi — Abxaziya və Tsıxnval (Osetiya) regionu — Rusiya nəzarəti altındadır. Gürcüstan bütün ərazisinə tam nəzarət etmədiyi müddətdə neytral statusun beynəlxalq səviyyədə tanınması demək olar ki, mümkün deyil".

Onun sözlərinə görə, vəziyyəti mürəkkəbləşdirən digər məsələ isə geosiyasi mühitdir. Gürcüstan ətrafında böyük təsir imkanlarına və müxtəlif maraqlara malik ölkələr — Rusiya, Türkiyə və İran yerləşir. Neytrallığın tanınması və qorunması üçün qonşuların bu statusa hörmət etməsi vacibdir, lakin regionda vəziyyət qeyri-sabit olduğundan bunun təmin edilməsi çətinləşir.


Ekspert, həmçinin prosesin mümkünsüzlüyünün bəzi vacib səbəblərini açıqlayıb:

“Bundan başqa, Gürcüstanın neytral ölkələrdə olduğu kimi təhlükəsizlik təminatları yoxdur. Məsələn, İsveçrə və Avstriya kimi dövlətlərin neytral statusu beynəlxalq zəmanətlərlə möhkəmləndirilib. Gürcüstan isə hazırda belə zəmanətlərə malik deyil. Üstəlik, ölkə Konstitusiyasında NATO və Avropa İttifaqına inteqrasiya kursu təsbit edilib və bu yoldan imtina çox ciddi daxili siyasi dəyişikliklər tələb edir”.

Gürcüstanlı analitik, həmçinin əlavə edib ki, hazırkı şəraitdə Gürcüstan üçün neytrallıq praktik deyil:


“Nəzəri baxımdan neytrallıq yalnız böyük dəyişikliklər baş verərsə mümkün ola bilər: ərazilərin deokkupasiyası, beynəlxalq təhlükəsizlik zəmanətləri, daxili siyasi konsensus və müdafiə qabiliyyətinin gücləndirilməsi. Lakin mövcud şərtləri nəzərə aldıqda neytrallıq hazırda daha çox ideya səciyyəsi daşıyır, nəinki ölkənin təhlükəsizliyini təmin edə biləcək real variant”.  

Jalə Rövşən

TodayPress TV

tag: Giorgi Qoqua,Politoloq,Gürcüstan,Rusiya,Todaypress.tv,