Moskvadan növbəti TƏZYİQ: Ermənistan-İran sərhədində nə planlaşdırılıb?
Təhlil
15.08.2025 13:42
“Rusiya sərhədçilərinin bəyanatı hüquqi əsaslara malik deyil, məqsəd Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinə təzyiq göstərməkdir”.
Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə danışarkən deyib.
O hesab edir ki, Moskvanın səsləndirdiyi mövqenin əsas niyyəti Ermənistan hakimiyyətinə təsir etməkdir.
Ekspertin sözlərinə görə, dövlətlərarası razılaşmaya əsasən Ermənistanın İran və Türkiyə ilə olan sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Lakin Vaşinqtonda əldə olunmuş razılaşmalar bu məsələləri əhatə etmir:
"Vaşinqton danışıqları Azərbaycan ərazisi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi çərçivəsində dəmir yolu, avtomobil yolu və digər kommunikasiya xətlərinin inşasını nəzərdə tutur. Bu səbəbdən Rusiyanın açıqlaması daha çox siyasi xəbərdarlıq xarakteri daşıyır. Çünki Zəngəzur dəhlizinin açılması Rusiya sərhədçilərinin İran-Ermənistan sərhədindəki fəaliyyətinə mane olmayacaq”, - deyə o vurğulayıb.
Siyasi şərhçi əlavə edib ki, layihə icra olunarkən kommunikasiya xətləri Rusiya sərhədçilərinin məsuliyyət zonasından kənarda olacaq. Bu isə Moskvanın bəyanatlarının hüquqi əsası olmadığını göstərir. Rusiya bu məsələni dəfələrlə gündəmə gətirib, lakin Ermənistan hakimiyyəti artıq belə təzyiqlərə öyrəşib.
Z.İbrahimli bildirib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Rusiya sərhədçiləri İran-Ermənistan sərhədində olduğu kimi fəaliyyətlərini davam etdirəcək. Burada dövlət sərhədinin qorunması ilə nəqliyyat təhlükəsizliyi məsələləri tamamilə ayrı-ayrı sahələrdir. Moskva bu açıqlamalarla Paşinyan hakimiyyətinə təsir göstərməyə çalışır.
Onun fikrincə, Ermənistan hökuməti Vaşinqtona səfər etməzdən əvvəl Rusiya sərhədçilərinin bölgədəki fəaliyyətindən xəbərdar idi və bu faktoru nəzərə almışdı, lakin hər hansısa addım atmadılar.
Qeyd edək ki, Vaşinqton Zirvəsindən sonra Rusiya rəsmiləri və diplomatları mövzu ilə bağlı daha fəal çıxışlar etməyə başlayıblar. Onlar Zəngəzur dəhlizinin mövcudluğunu qəbul etməkdən imtina edir və davamlı şəkildə xəbərdarlıq mesajları verirlər. Məsələn, “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin yerləşdiyini nəzərə alın” kimi bəyanatlar səsləndirilir.
Aysel Mətləb
tag: Zaur İbrahimli,Politoloq,Ermənistan,İran,Rusiya,Sərhədçi,Todaypress.tv,
