Kreml “düşmən siyasətini” davam etdirir: Markov və Qusmanın ittiham olunması ilə...

Təhlil

25.07.2025 15:48

“Qlobal Şuşa Media Forumundan sonra rəsmi Moskvanın atdığı addımlar və reaksiyaları göstərir ki, Rusiya hələ də Azərbaycana qarşı qeyri-konstruktiv və aqressiv mövqeyini davam etdirir”.

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, forumda rusiyalı politoloq, Kremlin keçmiş müşaviri Sergey Markov və "TASS"ın baş direktorunun birinci müavini Mixail Qusmanın iştirakı mətbuat konfransı səviyyəsində bir təmas olub. Lakin Rusiya Azərbaycanla mehriban və strateji əməkdaşlıq niyyətindən əl çəkdiyinə görə, bu iki şəxsə qarşı sonradan "cəzalandırıcı" tədbirlər görülüb. Xüsusilə Qusmanın vəzifəsindən uzaqlaşdırılması Kremlin Azərbaycana qarşı təzyiq siyasətini davam etdirdiyini bir daha sübut edib.

“Rusiya uzun illər Ermənistandan Azərbaycana qarşı alət kimi istifadə edib və indi bu imkanlarını itirdiyi üçün regiondakı nüfuzunu zəiflədilmiş görür. Ermənistan-Azərbaycan münasibətlərinin ikitərəfli müstəvidə normallaşması və bu prosesin Rusiyasız baş tutması Moskvada narahatlıq doğurur. Buna görə də Rusiya hər vəchlə rəsmi Bakıya qarşı tədbirlər görür, Azərbaycanın yanında olanları isə "düşmən" mövqeyində tutur”. 

Analitikin fikrincə, Kreml hazırda Azərbaycan və Türkiyənin regionda apardığı koordinasiyalı siyasətin yaratdığı yeni reallıqları da qəbul etmək istəmir. Moskvanın hibrid müharibə taktikasına, media vasitəsilə təzyiqlərə və təxribatçı ritorikaya əl atması da bundan qaynaqlanır.     

“Moskva Bəyannaməsinin 2022-ci ildə imzalanmasına baxmayaraq, oradakı mühüm bəndlər, xüsusilə qarşılıqlı informasiya müharibəsinə yol verilməməsi öhdəliyi Kremlin özü tərəfindən pozulub. Hazırda Rusiya mediasında Azərbaycana qarşı aparılan kampaniyalar, Markov və Qusmanın “xəyanətdə” ittiham olunması da məhz bu düşmən siyasətin tərkib hissəsidir. Lakin rəsmi şəxslər səviyyəsində deyil, informasiya müstəvisində belə aqressivlik nümayiş etdirən Kremlə bağlı dairələr əslində birbaşa siyasi təlimatlarla hərəkət edir. Bu isə açıq şəkildə Rusiyanın Azərbaycana qarşı planlı və məqsədli siyasi hücumlar həyata keçirdiyini göstərir”.

Qeyd edək ki, “TASS”ın baş direktorunun birinci müavini Mixail Qusman Qlobal Şuşa Media Forumundan sonra vəzifəsindən azad edilib. Həmçinin forumda iştirak edən rusiyalı politoloq, Kremlin keçmiş müşaviri Sergey Markov da Rusiya milliyətçi dairələri tərəfindən ağır ittiham və tənqidlərə məruz qalıb. 

Töhfə Səməd

tag: Qlobal Şuşa Media Forumu,Rəsmi Moskva,Rusiya,Azərbaycan, Məhəmməd Əsədullazadə,Mixail Qusman,Todaypress.tv,

photo