Millət vəkili: “Rusiyanın imperialist informasiya maşını işini davam etdirir”
Təhlil
02.07.2025 13:21
“Cinayət qurbanlarına dair saxta ekspertiza rəyi verən tibbi qurumlar hüquqi məsuliyyətə cəlb olunmalıdır”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə danışarkən deyib.
O, Yekaterinburqda baş vermiş cinayət hadisəsi zamanı bir daha Rusiya mərkəzli qüvvələrin ikiüzlü mövqeyinin şahidi olduğumuzu bildirib:
"Rusiyanın imperialist informasiya maşınının yalanlarını bir daha gördük. Nəticə etibarilə, “ağ”a “qara” deyən Rusiya yenə əvvəlki mövqeyində qaldığını nümayiş etdirdi. Günahsız insanları qətlə yetirmək bir cinayətdirsə, bu hadisəyə fərqli məzmun verərək cəmiyyətə və beynəlxalq ictimaiyyətə təhrif olunmuş şəkildə təqdim etmək özü ayrıca cinayətdir. Bütün bu baş verənlər Rusiya–Azərbaycan münasibətlərinin gələcək perspektivi kontekstində dəyərləndirilməlidir. Azərbaycan Rusiya ilə normal münasibətləri qorumağa çalışsa da, Moskva bu münasibətlərə ardıcıl şəkildə zərbə vurur. Nəticədə, 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” sadəcə kağız üzərində qalır".
Deputat bu cinayəti törədən şəxslərin ən qısa zamanda cəzalandırılmalı olduğunu vurğulayıb:
"Elə cəzalandırılmalıdırlar ki, bir daha heç kim azərbaycanlılara qarşı bu cür əməllərə cəhd etməsin. Cinayət qurbanlarına dair saxta ekspertiza rəyi verən tibbi qurumlar da hüquqi məsuliyyətə cəlb olunmalıdır. Əgər Rusiya doğrudan da Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, bu addımları atmalıdır".
Qeyd edək ki, iyulun 1-də Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsi açıqlanıb. Qardaşların meyitlərinin Azərbaycandakı ekspertiza rəyi ilə Rusiyanın ekspertiza rəyi uyğun gəlməyib. Hər iki qardaşın cəsədində ağır zədələr aşkarlanıb.
Qiymət Mahir
tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Rusiya,Todaypress.tv,