Qars–Iğdır–Aralık–Dilucu dəmir yolu layihəsi: Bölgədə inteqrasiya dərinləşəcək...
Təhlil
23.07.2025 18:17
“Türkiyə ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutan Qars–Iğdır–Aralık–Dilucu dəmir yolu layihəsi təkcə mühüm infrastruktur təşəbbüsü deyil, eyni zamanda regionda strateji geosiyasi balansların dəyişməsinə xidmət edir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu TodayPress TV-yə dnışarkən bildirib.
“Bu tip təşəbbüslər Azərbaycanın nəqliyyat və logistika sahəsindəki artan rolunu daha da gücləndirir və bölgədə inteqrasiya proseslərini dərinləşdirir.
Azərbaycan nəqliyyat və logistika sahəsində ardıcıl siyasət yürüdür və mövcud nəqliyyat imkanlarını maksimum dərəcədə dəyərləndirməyə çalışır. Bu xüsusda, Qars–Iğdır–Aralık–Dilucu dəmir yolunun tikintisi ilə paralel olaraq Zəngəzur dəhlizi məsələsinin də aktiv şəkildə gündəmdə saxlanması, rəsmi Bakının prinsipial mövqeyinin bariz nümunəsidir”.
Millət vəkili əlavə edib ki, Qars–Iğdır–Aralık–Dilucu xəttinin işə düşməsi təkcə iki ölkə arasında iqtisadi əlaqələri deyil, həm də Naxçıvanın regiona tamhüquqlu inteqrasiyası baxımından mühüm addım olacaq. Bu marşrutla Naxçıvanın izolyasiyadan çıxarılması, bölgədə alternativ və təhlükəsiz nəqliyyat xətlərinin yaradılması kimi hədəflər dəstəklənir.
“Bu layihə təkcə dəmir yolu deyil, eyni zamanda regionun sabitliyinə, qarşılıqlı əməkdaşlığa və iqtisadi rifaha gedən yoldur”, - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə yaradacaq strateji dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb etdiyini açıqlayıb.
Töhfə Səməd
tag: Ceyhun Məmmədov,Deputat,Qars–Iğdır–Aralık–Dilucu,Dəmiryolu,Todaypress.tv,
