Kremldə indi generalların səsi eşidilir...— Lavrov dövrü BAŞA ÇATIR?

Təhlil

27.11.2025 17:18

Rusiyanın xarici işlər naziri Sergey Lavrov son 22 ildə ilk dəfə KTMT sammitində Rusiya Prezidenti Vladimir Putini müşayiət edən heyətin tərkibində yer almayıb. Nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov rəhbərlik edib.


KİV-də əks olunan məlumatlara görə, Lavrov Rusiya Prezidentinin daimi səfər heyətindən çıxarılıb, hətta de-fakto XİN rəhbərliyini tərk edib.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Fəqani Məhərrəmlinin fikrincə, Lavrov dövrü başa çatıb:


"Rusiya-Ukrayna müharibəsinin başlanması, əslində diplomatiyanın imkanlarının tükəndiyini və siyasi gücün yerini hərbi gücün əvəzlədiyini göstərir. “Müharibə siyasətin zorakı yollarla davamıdır” tezisindən çıxış etsək, Lavrov dövrünün başa çatdığını söyləmək mümkündür. İndi Kremldə daha çox diplomatların deyil, generalların səsi eşidilir.

Rusiyanın bir nömrəli diplomatının 20 ildən artıq bir müddət ərzində tutduğu postu tərk edəcəyi ilə bağlı məlumatlar uzun müddətdir ki, dolaşmaqdadır. Son vaxtlar Lavrovun Rusiya Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməməsi, əvvəlcədən yayılmış xəbərlərin əksinə olaraq G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik etməməsi, ABŞ Prezidenti ilə Rusiya Prezidentinin Budapeşt görüşünün baş tutmaması bu məlumatların doğruluq ehtimalını artırır".

Analitik xatırladıb ki, İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında da Putini Lavrov deyil, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski təmsil etmişdi:


"Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən KTMT sammitində Rusiya nümayəndə heyətinə Uşakovun rəhbərlik etməsi də göstərir ki, Lavrov yaxın zamanlarda rəsmi olaraq xarici işlər naziri postunu tərk edəcək.

Təhlillər sübut edir ki, Rusiya Donbass bölgəsinə nəzarəti əlində saxlamasına baxmayaraq, beynəlxalq diplomatik arenada rəqiblərinə uduzur. Buna görə də mümkündür ki, rəsmi Moskva diplomatik komandanı yeniləmək barədə qəti qərar verib".

Qiymət Mahir

TodayPress TV

tag: Fəqani Məhərrəmli,Politoloq,Kreml,Generallar,Sergey Lavrov,Todaypress.tv,