Tramp hədələdi: Bu dəfə neft yox, su təzyiq alətidir
Təhlil
09.12.2025 22:00
ABŞ Prezidenti Donald Tramp Meksikanın 1944-cü il su təchizatı müqaviləsində öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək bu ölkəyə 5 faiz tarif tətbiq edəcəyini açıqlayıb. Müqaviləyə görə, Meksika Rio Qrandedən ABŞ-yə 2,2 milyard kubmetr, ABŞ isə Kolorado çayından Meksikaya 1,8 milyard kubmetr su ötürməlidir. Meksika isə quraqlıq səbəbindən öhdəlikləri illərdir tam yerinə yetirmir.
Maraqlıdır, bu qərarın arxasında hansı məqsədlər yatır? Tramp indi də suyu geosiyasi təzyiq alətinə çevirir?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Şakir Ağayev bildirib ki, ABŞ maraqları üçün resursları siyasi təzyiq aləti kimi istifadə edir:
"ABŞ özünə sərfəli şərtləri qəbul etdirmək üçün müxtəlif təzyiq alətlərindən sistemli şəkildə istifadə edir. Hansı bölgədə Vaşinqton üçün imkan yaranırsa, orada neft, qaz, texnologiya, hətta su kimi resurslar siyasi təzyiq vasitəsinə çevrilir. Məsələn, son dövrlərdə ABŞ–Meksika arasında su məsələsi də artıq siyasi təsir aləti kimi gündəmə gətirilir".
Ekspert qeyd edib ki, ABŞ Latın Amerikasında müstəqil xətti zəiflətməyə çalışır:
"Bu təzyiqlər təsadüfi deyil. Son illər Latın Amerikasında ABŞ-nin diktəsi ilə hərəkət etməyən, daha müstəqil siyasət yürütməyə çalışan ölkələrin sayı artıb. Xüsusilə Tramp dövründə bu xətt daha sərt şəkildə özünü göstərməyə başladı. Venesuelaya qarşı “narkotiklə mübarizə” adı altında tətbiq edilən təzyiqlərin əsas hədəfi əslində ölkənin zəngin neft ehtiyatlarına nəzarəti ələ keçirmək və Venesuelanı ABŞ-nin təsir dairəsinə qaytarmaqdır. Məqsəd həmin neftin Amerika iqtisadiyyatının maraqları üçün istifadə olunmasıdır. Meksika məsələsində də oxşar vəziyyətdir və ABŞ burda öz diktəsini yeritməyə çalışır.
Sonda ekspert bildirdi ki, ABŞ indi də Meksikaya su kartı ilə təzyiq edir:
"Bu siyasətin əvvəlki nümunəsini Panama kanalı ətrafında da görmüşdük. O vaxt kanalın əsas istifadəçilərindən biri Çin idi və Pekin oraya böyük sərmayələr yatırmışdı. ABŞ müxtəlif təzyiq mexanizmləri ilə Çinin bu təsirini zəiflətdi və nəticədə Panamada öz maraqlarını təmin etdi. İndi isə oxşar proses Meksikaya qarşı tətbiq olunur: su geosiyasi təzyiq alətinə çevrilir".
Jalə Rövşən
tag: ABŞ, Tramp, Meksika,Şakir Ağayev, todaypress.tv,
