Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət?
Təhlil
11.07.2025 16:47
“Kremlin Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabidəki görüşü barədə mövqeyinə daha çox protokol xarakterli bəyanat kimi yanaşmaq lazımdır”.
Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Siyasətçi vurğulayıb ki, hazırkı mərhələdə Rusiya rəsmən danışıqlar prosesini dəstəklədiyini və sülhə töhfə verməyə hazır olduğunu bəyan etsə də, əslində, Moskva üçün öz iştirakı və vasitəçiliyi olmadan aparılan danışıqlar məqbul sayılmır:
“Rusiya uzun illərdir Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək yolu ilə həm öz maraqlarını qorumağa, həm də tərəflər üzərində təsir imkanları qazanmağa çalışıb. Bu baxımdan Rusiya üçün vasitəçilik yalnız diplomatik təşəbbüs deyil, eyni zamanda siyasi alətdir.
Təsadüfi deyil ki, bir müddət əvvəl Yekaterinburq insidenti ilə bağlı Azərbaycanın verdiyi notaya cavab olaraq Rusiya XİN-in bəyanatında, üçüncü tərəfin iki ölkə arasında münasibətləri pozmağa çalışmasından bəhs olunmaqla yanaşı, Qərbin Rusiyanı danışıqlar prosesindən sıxışdırıb çıxarmağa cəhd etdiyi də xüsusi vurğulanıb.
Başqa sözlə desək, Rusiya üçün bu gün Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək prioritet məsələdir. 2020-ci il 10 noyabr Bəyanatında da Rusiyanın bu danışıqlardan necə geosiyasi dividendlər əldə etməyə çalışdığı açıq görünür. Sənəddə Zəngəzur dəhlizinə nəzarətin məhz Rusiya sülhməramlılarına həvalə olunması bu yanaşmanın bariz nümunəsidir”.
Ekspert Əbu-Dabi görüşünə toxunub:
“Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların hər hansı neytral ölkədə, xüsusən də ABŞ-yə yaxın sayılan BƏƏ-də aparılması, şübhəsiz ki, Moskvanın narazılığına səbəb olur.
Bu kontekstdə Kremlin son bəyanatını səmimi sülh təşəbbüsü kimi deyil, daha çox diplomatik protokol qaydalarına uyğun verilmiş, simvolik xarakter daşıyan açıqlama kimi dəyərləndirmək məqsədəuyğundur. Rusiya, şübhəsiz, sülhün əldə olunmasında maraqlı ola bilər, lakin bu maraq yalnız özünün də prosesdə aktiv rol alması şərti ilə aktuallığını qoruyur”.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Rusiya,Azərbaycan ,Ermənistan,Todaypress.tv,
