Revanşistlərin yeni planı: Paşinyanın “sülh planı” niyə hədəfdədir?
Təhlil
19.11.2025 13:00
“2026-cı il seçkilərindən əvvəl Nikol Paşinyanın sülh və ya müharibə ilə bağlı yalanını necə dağıda bilərik? Bunun bir yolu seçkilərlə bağlı öz mesajımızı formalaşdırmaqdır”.

Bunu Alternativ Layihələr qrupunun üzvü, revanşist ekspert Vahe Ovannisyan məqaləsində yazıb.
O, xüsusilə qeyd edib ki, hazırda Ermənistanda “sülh” deyil, sadəcə müharibəsiz bir vəziyyət mövcuddur:
“2026-cı il seçkilərinin ən vacib mesajı müharibəsiz vəziyyətdə dövlətin idarə olunmasının davam etdirilməsidir”.
Revanşist ekspertin fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, müharibə ehtimalı sıfıra bərabərdir.
Bu sual isə açıq qalır: Nikol Paşinyan gələn il parlament seçkisində məğlub olsa, bölgədə yeni müharibə olacaq?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ölkənin daxili siyasi səhnəsində həlledici mərhələyə çevrilib və proses seçkilərə aylar qalmış ciddi rəqabət mühitini formalaşdırıb:

“Hazırda həm hakimiyyət, həm də müxalifət blokları qələbəni təmin etmək üçün intensiv hazırlıq aparırlar. Seçkilər yaxınlaşdıqca ictimai-siyasi mühitdə gərginlik artır. Bir çox analitiklər Ermənistanın Baş naziri Nikol Paşinyanın şanslarını yüksək qiymətləndirirlər. Paşinyanın hakimiyyəti zəif görünə bilər, lakin onun rəqibləri daha zəifdir. Moskvanın müxalifəti açıq şəkildə dəstəkləməsinə, hətta erməni kilsəsinin müxalifət tərəfdə dayanmasına baxmayaraq, real alternativ namizəd formalaşdırıla bilməyib”.
Politoloq qeyd edib ki, Paşinyanın mövqeyini gücləndirən amillər arasında Qərbin, xüsusilə də ABŞ-nin siyasi dəstəyi xüsusi rol oynayır. Bununla yanaşı, regionun əsas güc mərkəzləri olan Bakı və Ankara ilə normallaşma istiqamətində atılan addımlar da onun siyasi çəkisini artırıb:
“Paşinyan erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə özünü sülh tərəfdarı, "sülh göyərçini", hətta "erməni xalqının xilaskarı" obrazında təqdim etməyə nail olub. O, seçicilərə açıq şəkildə mesaj verir: ya revanşist qüvvələr, yəni müharibə tərəfdarları, ya da normallaşmanı hədəfləyən mövcud hakimiyyət seçilməlidir. Bu mesajlar hazırda cəmiyyətdə daha çox dəstək qazanır”.
Əli Orucovun sözlərinə görə, Ermənistan–Azərbaycan münasibətlərinin son illərdə keçdiyi mərhələ də Paşinyanın mövqeyini möhkəmləndirən mühüm faktorlardandır:

“İki ölkə arasında sülh sazişinin mətni 8 avqustda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflansa da, yekun sənəd imzalanmayıb. Bununla belə, bu hadisənin özü bölgədə sabitlik baxımından mühüm addımdır. Tərəflər arasında əlaqələrin qurulması istiqamətində proses hələ də davam edir”.
Ekspert hesab edir ki, Paşinyanın hakimiyyətdən getməsi halında belə, genişmiqyaslı müharibənin yenidən alovlanması real görünmür:
“Reallıq ondan ibarətdir ki, Ermənistan belə bir addım atacağı halda ilk növbədə özü ciddi zərbə alacaq və güclü Azərbaycan qarşısında tam məğlubiyyət riski ilə üz-üzə qalacaq. Buna baxmayaraq, kənar qüvvələrin, xüsusilə də Moskvanın təhriki ilə müəyyən gərginlik və qeyri-sabitlik yaranması mümkündür. Lakin bunun baş verəcəyi gözlənilmir”.
Sonda Əli Orucov bildirib ki, bütün siyasi mənzərə Paşinyanın gələcək seçkilərdə üstün mövqedə olduğunu göstərir:

“Əlamətlər onu göstərir ki, Nikol Paşinyanın qarşıdan gələn parlament seçkilərində qələbə qazanacağı ehtimalı daha yüksəkdir. Müxalifət real alternativ təqdim edə bilmədiyi üçün siyasi balans hazırkı baş nazirin xeyrinə formalaşır”.
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,Paşinyan,Revanşist,Todaypress.tv,
