“Netanyahunun bəyanatı Azərbaycanla münasibətləri zəiflədir” – İsrailli ekspert DANIŞDI

Təhlil

29.08.2025 15:37

“İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi bəyanat diplomatik baxımdan anlaşılmazdır. Bu açıqlama ilk növbədə İsrailin Azərbaycanla həyati əhəmiyyət kəsb edən münasibətlərinə zərər vurur. Bakı və İrəvanın Vaşinqtonun vasitəçiliyi ilə sülh imkanlarını araşdırdığı bir dönəmdə belə yüklü tarixi simvolizmin gündəmə gətirilməsi konkret irəliləyişləri arxa plana keçirir və gözlənildiyi kimi Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunur”.

İsrailli politoloq Elina Bardax-Yalov bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz ağrılı tarixinə, yüz minlərlə məcburi köçkünə və Xocalı faciəsinə baxmayaraq, gələcəyə yönəlmiş, barışığa aparan gündəliyi prioritet hesab edib. İsrail isə bu konstruktiv kursu gücləndirməli, onu çətinləşdirməməlidir.

“Əgər bu bəyanatın əsas məqsədi rəsmi Ankaraya narazılıq siqnalı vermək idisə, belə bir hesablamanın Bakı ilə tərəfdaşlığımızın strateji əhəmiyyətindən üstün tutulması yolverilməzdir. İsrail diplomatiyası ölçülü və ardıcıl olmalı, çətin zamanlarda yanımızda durmuş dostlarımızın maraqlarına həssas yanaşmalı, beynəlxalq aləmdə qütbləşməyə səbəb olan və müttəfiqlərimizə, bəzən bilmədən belə, zərər vuran addımlardan çəkinməlidir”.

Analitik Netanyahunun ətrafındakı heç kimin bu açıqlamadan əvvəl ona təmkin göstərməyi tövsiyə etməməsinin təəssüf doğurduğunu bildirib. O əlavə edib ki, gələcəkdə İsrail diplomatiyası Azərbaycanla əlaqələrin qorunması və dərinləşdirilməsi, sülh səylərinin dəstəklənməsi və ictimai açıqlamaların uzunmüddətli strateji hədəflərlə uzlaşdırılması istiqamətində fəaliyyət göstərməlidir.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq Osmanlı İmperiyasının 20-ci əsrin əvvəllərində "ermənilər, assuriyalılar və yunanlara qarşı törətdiyi soyqırımı" tanıdığını bildirib.

Ondan İsrailin niyə "erməni soyqırımı"nı tanımadığını soruşduqda Netanyahu belə cavab verib: 

"Məncə, tanıyıblar. Düşünürəm ki, Knesset bununla bağlı qətnamə qəbul edib".

İsrailin heç bir Baş nazirinin niyə "soyqırımı" tanımadığı sualına isə Netanyahu belə cavab verib:

“Mən indi tanıdım”. 

Qiymət Mahir

tag: Elina Bardax-Yalov,Politoloq,İsrail,Azərbaycan,Todaypress.tv,

photo